
Azərbaycanın həyata keçirdiyi iqtisadi inkişaf siyasəti nəticəsində qeyri-neft-qaz sektoru qüvvətlənərək, ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib. Dövlət tərəfindən təqdim olunan dəstək mexanizmləri, vergi və gömrük güzəştləri iqtisadiyyatın çoxşaxəliliyini artıraraq rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm təsir göstərib. Bu prosesdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO xüsusi rol oynayır. Agentlik “Made in Azerbaijan” brendinin beynəlxalq arenada tanıdılması, ixrac missiyalarının təşkil edilməsi və yerli istehsalçıların xarici bazarlara çıxışının dəstəklənməsi istiqamətində aktiv fəaliyyət göstərir. Məhz bu kimi təşəbbüslər nəticəsində yerli şirkətlər qeyri-neft-qaz ixracını artıraraq ölkə iqtisadiyyatının möhkəmlənməsinə əhəmiyyətli töhfə verirlər.
Qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər arasında 2000-ci ildə təsis olan “Kartaş” MMC xüsusi yer tutur. Şirkət fəaliyyətinə “Mr.Fix” brendi altında tikinti kimyəvilərinin istehsalı ilə başlayaraq qısa müddətdə sahənin aparıcı müəssisələrindən birinə çevrilib. “Kartaş” yarandığı gündən etibarən mövcud məhsulları təkmilləşdirməyi, yeni çeşidləri istehsala daxil etməyi və tikinti sektorunun ehtiyaclarına daha çevik şəkildə uyğunlaşmağı daim prioritet istiqamət kimi müəyyənləşdirib.
Müəssisənin istehsal portfeli mütəmadi genişlənərək sənaye və mülki inşaata xitab edən müxtəlif təyinatlı kafel və keramika yapışdırıcılarını, ara doldurucularını, hidroizolyasiya məhsullarını, hazır suvaqları, təmir və gücləndirmə məhsullarını, zəmin materiallarını, beton ,sement , asfalt qatqılarını, epoksid, poliuretan, poliurea sistemlərini, termoizolyasiya materiallarını və digər məhsul və sistemləri əhatə edir. Bütün məhsullar ən son texnoloji avadanlıqlarla təchiz edilmiş və tam avtomatlaşdırılmış xətlərdə hazırlanaraq təhlükəsizlik, davamlılıq və funksionallıq baxımından Avropa və yerli standartlara cavab verir.
Hər bir tikinti layihəsində insanların rahatlığı və təhlükəsizliyini əsas meyar kimi qəbul edən şirkət keyfiyyət prinsipini ön plana çəkərək bütün məhsulların müntəzəm şəkildə “Mr.Fix”in keyfiyyətə nəzarət laboratoriyalarında sınaqdan keçirilməsini təmin edir. Fəaliyyətin Keyfiyyət İdarəetmə Sistemi və yerli standartlara uyğun şəkildə qurulması, həmçinin beynəlxalq və yerli standartlarının tələb və meyarlarına əməl olunması şirkətin keyfiyyətə sadiqliyini daha da gücləndirir.
Bu günədək regionda etibarlı və təcrübəli istehsalçı kimi mövqeyini gücləndirən “Kartaş” 2024-cü ildə investisiya dəyəri 14,7 milyon ABŞ dolları olan yeni istehsal müəssisəsini – “Kartaş Kimya” MMC-ni Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verərək həm istehsal gücünü, həm də məhsul çeşidini əhəmiyyətli dərəcədə genişləndirmişdir. Nəticədə şirkət hal hazırda 250-dən çox məhsul çeşidini istehsal edir. Bununla yanaşı, “Kartaş Kimya” beynəlxalq bazarlarda da fəaliyyətini aktiv şəkildə genişləndirir. Şirkət məhsullarını Özbəkistana ixrac edir və yaxın perspektivdə Türkiyə, Qazaxıstan, Gürcüstana və s. ölkələri nəzərə alaraq ixrac coğrafiyasını genişləndirməyi hədəfləyir. Bu istiqamətdə AZPROMO-nun dəstəyi ilə şirkət 2025-ci ildə Gürcüstan və Özbəkistanda keçirilən beynəlxalq tikinti sərgilərində iştirak edərək innovativ həllərini xarici bazarlara təqdim edib və yeni əməkdaşlıq imkanları qazanıb.
“Kartaş Kimya” strategiyasında yalnız bu günün tələbləri deyil, eyni zamanda gələcək nəsillərin sağlam və təhlükəsiz mühitdə yaşamasına da xüsusi önəm verilir.
Şirkət istehsal etdiyi məhsullar vasitəsilə tikinti sektorunda dayanıqlı inkişaf prinsiplərinə dayanaraq qeyri-neft-qaz sektoruna töhfə verməyə davam edir.


