Maduro: Venesuela suverenliyini müdafiə etməyə hazırdır

Baş səhifə
Maduro: Venesuela suverenliyini müdafiə etməyə hazırdır

Venesuela sülh arzusunu bir daha təsdiqləyir, lakin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə hazırdır.

“Report”un məlumatına görə, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Latın Amerikası və Karib hövzəsi ölkələrinin dövlət başçılarına, eləcə də BMT-yə bütün üzv dövlətlərə ünvanladığı məktubda bildirilib.

Sənədi xarici işlər naziri İvan Xil Pinto “Venezolana de Television” telekanalında oxuyub.

“Venesuela sülh arzusunu bir daha təsdiqləyir, eyni zamanda suverenliyini, ərazi bütövlüyünü və resurslarını qanuna uyğun olaraq müdafiə etməyə hazır olduğunu tamamilə açıq şəkildə bildirir”, – məktubda bildirilir.

Maduro ABŞ-nin Venesuelaya təzyiqini açıqlayıb və qeyd edib ki, ABŞ silahlı qüvvələri Karib dənizində və Sakit Okeanın şərqində mülki gəmilərə 28 hücum həyata keçirib və “nəticədə 104 nəfər məhkəməsiz və istintaqsız edam edilib”. Prezident vurğulayıb ki, Venesuela ABŞ-nin hərbi təzyiqinə səbəb olacaq heç bir hərəkət etməyib.

Dekabrın 10-da ABŞ Prezidenti Donald Tramp Venesuela neftini daşıyan sanksiyalı neft tankerinin ələ keçirildiyini elan edib və ABŞ-nin nefti özündə saxlamağı planlaşdırdığını açıqlayıb.

Dekabrın 20-də ABŞ Panama bayrağı altında üzən və Çinin neft emalı zavodlarına yanacaq tədarük edən Çin neft treyderi üçün yük daşıyan “Centuries” tankerinin ələ keçirildiyini təsdiqləyib. Bununla belə, gəmi ABŞ-nin sanksiyaları altında deyildi.

Dekabrın 21-də “Bloomberg” Panama bayrağı altında Venesuelaya üzən “Bella 1” tankerinin ələ keçirildiyini bildirib. “The New York Times” qəzetinin məlumatına görə, ABŞ hakimiyyəti “Bella 1″in ələ keçirilməsi üçün order alıb, çünki gəmi əvvəllər İran neftinin daşınmasında iştirak etmiş ola bilər.