ABŞ-də “Johnson & Johnson” şirkəti 65,5 milyon dollar məbləğində təzminat ödəyəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Minnesota ştatında Andlılar Məhkəməsi “Johnson &
Johnson” şirkətinin 37 yaşlı Anna Cin Hyuton Karliyə 65,5 milyon
dollar məbləğində təzminat ödəməsi barədə qərar verib.

Trend-in
məlumatına görə, iddiaçı bildirib ki, şirkətin istehsal etdiyi
talkəsaslı uşaq pudrasından istifadə onun mezotelioma xəstəliyinə
yol açıb.




Məhkəmə materiallarına əsasən, Karlinin vəkilləri “Johnson &
Johnson”un talk məhsullarının asbestlə çirklənə biləcəyini
bildiyini, lakin istehlakçıları potensial təhlükə barədə xəbərdar
etmədiyini sübut edən dəlillər təqdim ediblər.

2023-cü ildə talklı pudranın satışını dayandıran şirkət
ittihamları rədd edir və məhkəmə qərarından apellyasiya şikayəti
verəcəyini açıqlayıb. Son aylarda “Johnson & Johnson” fərqli
məhkəmələr tərəfindən də çoxmilyonlu cərimələrə məruz qalıb.