
Son günlər Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların ölümü və itkin düşməsi ilə bağlı məlumatların sayı artmaqda davam edir.
Modern.az xəbər verir ki, dekabrın 13-dən etibarən müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edən bir neçə azərbaycanlı həlak olub və itkin düşüb.
Məlumata əsasən, Qasımov Samir Rasim oğlu Ukraynada gedən müharibədə Ukraynanın azadlığı və suverenliyi uğrunda döyüşlərdə həlak olub. Döyüşlərdə fərqləndiyinə görə o, Ukrayna Prezidenti Volodimir Zelenskiy tərəfindən “Ukraynanın Müdafiəsi” medalı ilə təltif edilib. Samir Qasımovun Mukaçevo şəhərində dəfn olunacağı bildirilir.
Digər bir azərbaycanlı, Xaçmaz rayon sakini Məmmədov Rafiq Aydın oğlu Ukraynada gedən döyüşlərdə həlak olub. O, Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən “Axmat Spetsnaz” bölməsində xidmət edib.
Həmçinin Cəlilabad rayon sakini Mirismayılzadə Elnur Aydın oğlunun da döyüşlər zamanı həyatını itirdiyi qeyd olunur. O, Rusiya Müdafiə Nazirliyinin “Axmat Sever” hərbi birləşməsinin tərkibində döyüşüb.
Bundan başqa, Lənkəran rayonu Xanbulan kənd sakini Cabbarov Anar Nurməmməd oğlunun Rusiya tərəfdən döyüşlərdə iştirak etdiyi və 4 aydır itkin düşdüyü bildirilir. Məlumata görə, o, sonuncu dəfə dörd ay əvvəl ailəsi ilə əlaqə saxlayıb, bundan sonra onunla əlaqə kəsilib.
Sumqayıt şəhər sakini Abbasov Bəhlul Zülfüqar oğlunun da Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə itkin düşdüyü qeyd olunur. Son məlumatlara görə, o, Çasov Yar istiqamətində gedən döyüşlərdə iştirak edib.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi olmuş, göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlunun Ukraynada gedən müharibədə həlak olduğu bildirilir. Məlumata görə, o, Azərbaycan Ordusundan ehtiyata buraxıldıqdan sonra Rusiyaya gedib və Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən döyüşlərdə iştirak edib.


