İlhamə Qədimova: “Aqrar sahədə rəqəmsallaşma üzrə kadr hazırlığının genişləndirilməsi çox vacibdir”

Baş səhifə
ASK

  • 19 dekabr, 2025
  • 16:06
İlhamə Qədimova: Aqrar sahədə rəqəmsallaşma üzrə kadr hazırlığının genişləndirilməsi çox vacibdir

Azərbaycanda aqrar sahədə rəqəmsallaşma üzrə kadr hazırlığının genişləndirilməsi çox vacibdir.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, digər məsələ istehsalatla universitet arasındakı əlaqələrin daha da gücləndirilməsidir: “Sadəcə məzunların olması kifayət eləmir. Oxuduğu illərdə təcrübə əldə edə bilmiş kadr xüsusilə əhəmiyyətlidir. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər, iri fermer təsərrüfatları, aqrar sənaye müəssisələri ilə də universitetlərin əməkdaşlığının dərinləşməsi tələbə hazırlığının keyfiyyətini artıracaq. Bu istiqamətdə də Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısında strateji hədəflər qoyulub”.

Nazir müavini vurğulayıb ki, aqrar sahədə tətbiqi elmi tədqiqatların payının artırılması vacibdir: “Universitet yalnız akademik tədqiqatlarla deyil, bu sahədə dərhal tətbiq olunan innovasiyalarla çıxış etməli, məhsuldarlığın artırılması, xəstəlik və zərərvericilərlə mübarizə, torpaq və su ehtiyatlarının qorunması üzrə yeni modellər hazırlamalıdır. Bundan başqa, regional və beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi də digər strateji hədəfdir. Çünki bu gün sadəcə ölkə daxilində ixtisaslı kadr yetişdirməklə kifayətlənmək olmaz. Beynəlxalq sahədə görülən işlərlə, başqa institutlarda aparılan araşdırmalarla tanış olmaq lazımdır”.