
Bakı. Trend:
“Trading Economics” analitiklərinin qlobal makroiqtisadi
modelləri və proqnozlarına əsasən, cari rübün sonunadək Gürcüstanda
istehsalçı qiymətlərində dəyişiklik səviyyəsinin 3 faiz olacağı
gözlənilir.
Bu barədə Trend
“Trading Economics” beynəlxalq onlayn platformasına istinadən
məlumat verir.
“Uzunmüddətli perspektivdə, ekonometrik modellərə görə,
Gürcüstanda istehsalçı qiymətlərində dəyişiklik 2026-cı ildə
təxminən 3,50 faiz, 2027-ci ildə isə 3,30 faiz səviyyəsində
proqnozlaşdırılır”,- deyə məlumatda qeyd olunur.
Bildirilir ki, Gürcüstanın Milli Statistika Xidmətinin
məlumatına əsasən, 2025-ci ilin noyabr ayında Gürcüstanda
istehsalçı qiymətləri illik ifadədə 6,1 faiz artıb. Bu göstərici
əvvəlki ayda qeydə alınmış 5,6 faizlik artımdan sonra
formalaşıb.
“Bu, fevral ayından bəri qeydə alınan ən yüksək göstəricidir və
buna demək olar ki, bütün sahələrdə, xüsusilə mədənçıxarma
sənayesində (oktyabrda 21,7 faizə nisbətdə 24,2 faiz), sənaye
məhsullarının istehsalında (3,9 faizə nisbətdə 4,8 faiz), həmçinin
su təchizatı, kanalizasiya, tullantıların idarə edilməsi və
rekultivasiya sahəsində (0,2 faizə nisbətdə 1,7 faiz) qiymət
artımları səbəb olub. Eyni zamanda, elektrik enerjisi, qaz, buxar
və kondisionerləşmə sahəsində qiymət artım tempinin yavaşladığı
qeyd olunur (10 faizə nisbətdə 6,2 faiz). Əvvəlki ayla müqayisədə
isə noyabr ayında istehsalçı qiymətləri 0,9 faiz artıb ki, bu da
oktyabr ayında qeydə alınmış 1,1 faizlik artımla müqayisədə daha
aşağı göstəricidir”, – deyə məlumatda qeyd olunub.


