İnformasiya müharibəsinin güclü aktorları – diaspora müasir yanaşma (FOTO)

Baş səhifə

Bakı.Trend:

Ortaq hədəflər, vahid strategiya

Müasir dövrdə diaspor təkcə mədəni icma deyil, daha çox qlobal
güc platforması, iqtisadi və elmi güc mərkəzidir. Diasporun daha da
güclənməsi təsadüfən baş vermir, bu, müəyyən mexanizmlər, şərtlər
və strategiyalar əsasında formalaşır. Xaricdəki icmaların ortaq
hədəflərinin və vahid strategiyasının olması onun fəaliyyəti üçün
uyğun, aydın və professional çərçivədir. Azərbaycan diasporu bu
professional çərçivə daxilində necə çalışır?

Xaricdəki Azərbaycan icmalarının üzvləri arasında fərqli dini,
siyasi və etnik baxışlar mövcud ola bilər. Əsas məqsəd diasporun
ortaq hədəflərinin müəyyənləşdirilməsi və vahid strategiya əasında
inkişafına nail olunmasıdır. Ortaq hədəflər və vahid strategiyanın
təməl prinsipləri nələrdir?

– çoxsaylı mədəniyyətlər qarışıqlığında milli-mədəni varlığın
qorunması

– ikinci və üçüncü nəsil diasporun itirilməməsi, onlara ana
dilinin, tarix və mədəniyyətin aşılanması

– yaşadıqları ölkələrdə icma üzvlərinin hüquqlarının
qorunması

– iqtisadi və sosial dayanışma

– siyasi fikir fərqlilikləri əvəzinə ortaq məqsədlərin ön plana
çıxarılması

– ana vətənlə əlaqələrin intensivliyi

– diaspor fəaliyyətində liderliyin gücləndirilməsi və s.

Həyata keçirilən layihələr, diaspor quruculuğu mexanizmi
ortaq hədəflər fonunda

Ortaq hədəflər əsasında və vahid strategiya çərçivəsində işləmək
diasporu qlobal şəbəkəyə çevirir, icmalaşma prosesini
qüvvətləndirir, koordinasiyalılıq, davamlılıq, təsir gücü
yaradır.

Diasporla İş üzrə Dövlət Komitəsinin ixtisaslaşmış forumlar
layihəsi məhz bu məqsədlərə xidmət edir və konkret nəticə
yaradır.

Komitə son illər xaricdə yaşayan həkimlərin, alimlərin,
mühəndislərin, gənclərin, tələbələrin, mədəniyyət xadimlərinin
forumlarını təşkil edib. Forumlar bir sıra ölkələrdə, o cümlədən
ABŞ-də, Avropanın müxtəlif ölkələrində, Türkiyədə və Azərbaycanda
keçirilib, xaricdəki icmalar arasında, eləcə də ölkə ictimaiyyəti
içərisində böyük maraq yaradıb və rəğbət qazanıb.

Layihə getdikcə daha çox sahəni əhatə edir, eyni sahəni təmsil
edən insanların müxtəlif platformalarda birləşmələrinə, ortaq
layihələr həyata keçirmələrinə təkan verir. Forumlar diaspor
arasında şəbəkələşmə, əməkdaşlıq, peşəkar inkişaf və motivasiya
imkanlarını daha da genişləndirir, diasporun bilgi və təcrübə
mübadiləsinə şərait yaradır.

İxtisaslaşmış forumların vəzifələri

– diasporun və konkret sahəni təmsil edən diaspor üzvlərinin
ortaq problemlərini müəyyən etmək

– diaspor fəaliyyətinə yeni başlayanlara dəstək göstərilməsi

– işbirliyini artırmaq

– kollektiv qərarvermə mexanizmi yaratmaq

– ortaq düşüncə platforması formalaşdırmaq

– davamlı əlaqə platformaları yaratmaq

– təcrübə mübadiləsi

– ortaq konfranslar təşkil etmək

– qütbləşmələrdən qaçış

– dialoq mədəniyyətini inkişaf etdirmək

– diasporun akademik elitasını birləşdirmək

– Diaspor İnvestisiya Fondunun yaradılması ideyasını
formalaşdırmaq

İxtisaslaşmış forumların müzakirə predmeti

Bu günə kimi keçirilən forumlarda konkret sahələrə aid problem
və çətinliklər müzakirə olunub, müasir biliklər paylaşılıb, çıxış
yolları axtarılıb. Hər bir ixtisaslaşmış forumda seçilən mövzular
yeni dövrün tələblərini əhatə edir, müasir dünya düzəninə tamamilə
uyğundur.

Müşahidələr göstərir ki, ixtisaslaşmış forumlar konkret mövzu
çərçivəsində qızğın elmi müzakirələrin aparılması ilə, həmçinin
dialoq mədəniyyəti çərçivəsində keçirilir, diaspor fəaliyyətinə
yeni baxış bucağının formalaşması və bəyanatların qəbulu ilə
yekunlaşır.

Qənaət

Gələcəyin diasporu qlobal şəbəkə gücünə malik olan, bilik,
innovasiya, siyasi-iqtisadi əlaqələr, mədəniyyət diplomatiyası
vasitəsilə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən,
tamamilə inteqrasiya olunan qüvvəyə çevrilməlidir. Gələcəyin
diasporu, həmçinin strateji üstünlüklərə malik olmalı, beynəlxalq
informasiya müharibəsində professional rol almağı bacarmalıdır.

Diasporla İş üzrə Dövlət Komitəsi diasporun ayrı-ayrı
təbəqələrinə yönələn, onları vahid platformalarda birləşdirən
layihələri həyata keçirməklə həm sosial, həm texnoloji, həm də
siyasi proseslərlə bağlı olan, vahid diaspor şəbəkəsində birləşə
bilən gələcəyin diasporunun formalaşmasına ciddi təkan verir.
Forumlar əvvəldə qeyd olunan vəzifələrin icrasını təmin edir, doğru
mövzuların dəqiq müzakirəsinə nail olur.

Bu günə kimi Azərbaycan da daxil olmaqla bir neçə ölkədə
keçirilən ixtisaslaşmış forumlar diaspor üçün böyük bir prosesin
başlanğıcı və yeni bir sistemin yaradılmasının rüşeymidir. Forumlar
xaricdəki həkimlər, alimlər, mühəndislər, İT mütəxəssisləri və
gənclər arasında beynəlxalq əməkdaşlıq platformaları yaradır.
Nəticədə eyni sahəni təmsil edən insanlar peşəkar müzakirələr
aparmaqla hədəflərini dəqiq müəyyən edir, doğru qərarların qəbulu
və gələcək planlar üçün təqvim qurulmasına nail olur, diaspora yeni
baxış bucağı formalaşdırır, xaricdəki Azərbaycan icmalarının
zamanla qlobal gücə çevrilməsinə ciddi təkan verir.

Diqqəti çəkən vacib məqamlardan biri ixtisaslaşmış forumların
populizmdən, hər növ şou elementlərindən uzaq olması, real,
düşünülmüş, elmi əsaslı müzakirə platformasına çevrilməsidir.

Beləliklə, eyni platformalarda birləşmək icma üzvlərini ortaq
hədəflərə, vahid strategiyaya kökləyir, onların yaşadıqları
ölkələrlə bərabər, Azərbaycana dəyər verən, çoxistiqamətli
investisiya körpüləri yaratmağı bacaran qlobal aktor kimi rolunu
gücləndirir.