Ankarada Türk dünyasını hədəfləyən dezinformasiya ilə mübarizə müzakirə edilib

Baş səhifə

Dezinformasiya ilə mübarizə üçün Türk Dövlətləri Təşkilatı (TDT) və Türk dünyası çərçivəsində ortaq rəqəmsal təhsil və media məktəbi layihəsi həyata keçirilməlidir.

“Report”un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türk Agentliyinin Kipr direktoru Fehmi Gürdallı Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu çərçivəsində “Türk dünyasını hədəfləyən dezinformasiya nümunələri və onunla mübarizə səyləri” mövzusunda paneldə çıxışı zamanı deyib.

F.Gürdallı media savadlılığı üçün Türk dünyasının ata biləcəyi addımlar barədə danışıb:

“Türk Dövlətləri Təşkilatı və Türk dünyası çərçivəsində ortaq rəqəmsal təhsil və media məktəbi layihəsinin həyata keçirilməsi artıq zərurətə çevrilib. Hər bir ölkənin bu işi ayrı-ayrılıqda görməsindən daha çox, xüsusilə, Türkiyənin bu sahədə qazandığı təcrübəni bölüşməsi mühüm əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün təhsil və tədris sistemlərinin rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması, rəqəmsal təhsilin idarəedici səviyyədə dəstəkləndiyi ortaq bir vizyonun müəyyənləşdirilməsi vacibdir.

Çünki media savadlılığı zəif olan bir cəmiyyət daha tez təsirə məruz qalır və daha həssas, kövrək bir struktura çevrilir. Media savadlılığı güclü olmayan toplumların informasiya təhlükəsizliyi və ictimai dayanıqlığı da risk altına düşür”.

Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə İş və Kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev XXI əsrdə media savadlılığının xüsusi önəm daşıdığını bildirib:

“Media savadlılığı XXI əsrdə çox vacibdir, çünki indiki dövrdə sosial media manipulyasiya üçün əlverişli məkandır. Bu baxımdan, gənc nəslin media savadlılığının artırılması istiqamətində də işlərin görülməsi çox vacibdir. Azərbaycan bunun üçün çalışır, beynəlxalq platformalarda iştirak edir. Hazırda bu forumda iştirakımız da bunun göstəricisidir”.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin sədr müavini İlyas Yesmagul media savadlılığının artırılması üçün təkliflərlə çıxış edib:

“Cəmiyyətdə tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsinə, rəqəmsal mədəniyyətin yaxşılaşdırılmasına və media mühitində məlumatlı vətəndaş iştirakının təşviqinə yönəlmiş addımlar atmaq lazımdır. Bu prosesdə bu gün medianın ən fəal seqmenti olan gənclərə xüsusi diqqət yetirilir. Praktiki yanaşmalara faktların yoxlanılması, resursların, strateji kommunikasiya üzrə mütəxəssislərin hazırlanması və müasir texnologiyaların tətbiqi daxildir. Eyni zamanda, milli mədəniyyət və informasiya bu kontekstdə sistemli rolumuzun əsas dayağıdır”.

Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya Siyasəti Departamentinin baş mütəxəssisi Zarina Taştanovna Kalmuratova dezinformasiya ilə insanların kredit və maliyyə azadlığının ələ keçirilməsi məsələsinə toxunub:

“Fırıldaqçılar müxtəlif sistemlərdən istifadə etməklə təhlükəli mexanizmlər yaradırlar və bunu “cəlbedici imkan” kimi təqdim edirlər. Bu məsələ ölkələr arasında təhlükəsizlik baxımından ciddi risk yaradır.

Bu səbəbdən Qırğızıstanda yerli istifadə üçün nəzərdə tutulmuş bir platforma mövcuddur. Platforma vasitəsilə mümkün qədər insanların kredit və maliyyə azadlığını qorumağa, onları dezinformasiya sahəsində maarifləndirməyə çalışırıq”.

Özbəkistan Respublikası Prezident Administrasiyasının Media Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Toxir Umarovun sözlərinə görə, rəqəmsal dövrdə dezinformasiya ilə yalnız tənzimləmə yolu ilə mübarizə aparmaq mümkün deyil:

“Bu problem istehsalın peşəkar dəstəyi, texniki təminat və yerli iştirakçıların cəlb olunması yolu ilə həll edilməlidir. Artıq onlayn məkanda ictimai rəyin formalaşmasında mühüm rol oynayan gənc jurnalistlər, blogerlər və rəqəmsal kontent istehsalçıları ilə sıx əməkdaşlıq edirik. Eyni zamanda, tələbələr, müəllimlər və geniş ictimaiyyət üçün tədris materialları və metodologiyalar hazırlayır, auditoriyaya dezinformasiyanın necə işlədiyini və ona necə reaksiya verməyin yollarını izah edirik. Təcrübəmizə əsaslanaraq görürük ki, həqiqətə qarşı yönəlmiş dezinformasiya çox vaxt sərhədləri aşır və oxşar modellər üzrə yayılır. Məhz buna görə alimlər və institutlar arasında daha sıx əməkdaşlığın vacib olduğuna inanırıq”.