Səhiyyə Nazirliyində ÜST-nin Departament direktoru ilə görüş keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) Avropa üzrə Regional Ofisinin Yoluxucu Xəstəliklər, Ətraf
Mühit və Sağlamlıq Departamentinin direktoru Robb Batler ilə görüş
keçirilib.

Trend xəbər verir ki, bu
barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Görüş zamanı ÜST-nin Avropa üzrə Regional Ofisi ilə Azərbaycan
arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin
Varislik Koalisiyası”nın genişləndirilməsi, Azərbaycanın ÜST-nin
Avropa Sağlam Şəhərlər Şəbəkəsinə qoşulma perspektivlərini və digər
məsələləri müzakirə ediblər.

Səhiyyə naziri qeyd edib ki, Azərbaycan Ümumdünya Səhiyyə
Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və ötən müddət ərzində bir
sıra birgə layihələr uğurla həyata keçirilib. Prezident İlham
Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində aparılan fundamental
islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin
müasir konsepsiyalara uyğun formalaşdırılması, qabaqcıl beynəlxalq
təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar
əməkdaşlığın bu transformasiyaların əsasını təşkil etdiyi
vurğulanıb: “Səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev
Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın rolu da əvəzsizdir. Məhz bu diqqət və dəstək
sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün
olub”.




Azərbaycanın iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə
sadiq olduğunu qeyd edən Teymur Musayev ictimai səhiyyə sahəsində
qlobal səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb:
“2024-cü ilin noyabr ayında Azərbaycanın paytaxtında keçirilən
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim və
Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”
yaradılıb. Eyni zamanda, Azərbaycan ÜST-nin Pan-Avropa Səhiyyə və
İqlim Komissiyasının yaradılmasını yüksək qiymətləndirir”.

Öz növbəsində Robb Batler Azərbaycanın səhiyyə sahəsi, o
cümlədən yoluxucu xəstəliklərə qarşı mübarizədə qazandığı uğurları
qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata
keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu bildirib. Eyni
zamanda, COP29 zamanı iqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə
Azərbaycanın dəstəyi yüksək qiymətləndirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.