Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, kollegiya sədri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na (bundan sonra Strategiya) müvafiq olaraq ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən tədbirlərin sosial-iqtisadi inkişafı yeni səviyyəyə çatdırdığını vurğulayıb, bu istiqamətdə Energetika Nazirliyinin əsas icraçısı olduğu “Yaşıl enerji” məkanı sahəsində əldə edilmiş nəticələri qeyd edib.
İclas zamanı “Yaşıl enerji” məkanı çərçivəsində nəzərdə tutulan tədbirlər, o cümlədən bərpa olunan enerji infrastrukturunun dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişləndirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi, enerji səmərəliliyinin təmin edilməsi istiqamətlərində həyata keçirilmiş işlər barəsində hesabat təqdim olunub.
Eyni zamanda, “Energetika Nazirliyi Kollegiyasının 2026-cı il üçün İş Planı”nın layihəsi təqdim olunub, bu çərçivədə görüləcək işlər haqqında məlumat verilib.
İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

