
Bakı. Trend:
NATO 2026-cı il üçün mülki və hərbi büdcəsinin həcmini
açıqlayıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, alyansın yazılı məlumatına görə,
gələn il üçün mülki büdcə 528,2 milyon avro, hərbi büdcə isə 2
milyard 420 milyon avro təşkil edəcək.
Beləliklə, NATO-nun ümumi büdcəsi 2 milyard 948 milyon 200 min
avro olacaq.
Açıqlamada bildirilib ki, 2026-cı ilin hərbi büdcəsi NATO-nun
hərbi adaptasiyasına, müttəfiqlər arasında qarşılıqlı fəaliyyət
qabiliyyətinin artırılmasına, böhranların qarşısının alınması və
idarə olunmasına, eləcə də əməkdaşlığa əsaslanan təhlükəsizliyin
möhkəmləndirilməsinə yönəldiləcək.
Məlumata görə, mülki büdcə mülki heyətin saxlanılması, əməliyyat
xərcləri və mülki proqramların maliyyələşdirilməsini, hərbi büdcə
isə NATO qərargahlarının, dünya üzrə proqramların, missiya və
əməliyyatların icrası ilə bağlı xərcləri əhatə edir.
NATO üzvü olan ölkələr bu büdcələrə ümumi daxili məhsullarına
(ÜDM) əsaslanan xərc bölgüsü mexanizmi çərçivəsində töhfə verirlər.
Alyansın son sammitində qəbul edilən qərara əsasən, üzv
dövlətlərdən müdafiə xərclərini ÜDM-in ən azı 5 faizi səviyyəsinə
çatdırmaları tələb olunur.

