Müxtəlif ölkələrdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İzmir, Misirin Əl-Qanatır Əl-Xeyriyyə və Gürcüstanın
Rustavi şəhərlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin əziz xatirəsi anılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə İzmir
Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı,
Karşıyaka Bələdiyyəsinin dəstəyi ilə baş tutan anım tədbirindən
əvvəl İzmir şəhərindəki parkda Ulu Öndərin büstü önünə gül çələngi
qoyulub. Tədbir hər iki ölkənin Dövlət himnləri səsləndirilməsi,
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə açılış nitqində Ulu
Öndər Heydər Əliyevin dahi siyasətçi və güclü dövlət xadimi
olduğunu qeyd edib, müasir və müstəqil Azərbaycanın əsaslarının
onun rəhbərliyi ilə qoyulduğunu vurğulayıb. İzmir Azərbaycan
Mədəniyyət və Həmrəylik Dərnəyi sədri Eşref Tuna, Bilkent
Universitetinin müəllimi və Türkiyənin Azərbaycanlı Alimlər
Dərnəyinin sədri, professor Əmirullah Məmmədov, Dokuz Eylül
Universitetinin müəllimi, professor Gülmira Kuroğlu, Manisa
Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Qaffar Hangül
çıxışlarında Ümummilli Liderin bütün türk dünyası üçün yol göstərən
rəhbər olduğunu söyləyib, onun uzaqgörən siyasətindən danışıblar.
Dahi Heydər Əliyevin siyasi mirası və Türk dünyasına qoyduğu
dəyərli töhfələr diqqətə çatdırılıb. Professor İsgəndər Əsgərov və
tədbirin aparıcısı Roza İbadova Kocamaz Ulu Öndər Heydər Əliyevin
sevdiyi Azərbaycan şeirlərini və mahnılarını səsləndiriblər.
Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan diasporu” sənədli
filmi nümayiş olunub.

Misirin Qalubiyyə vilayətinin Əl-Qanatır Əl-Xeyriyyə şəhərindəki
Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Qalubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə,
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Misirdəki Azərbaycan
icmasının rəhbəri Seymur Nəsirov, eləcə də Əl-Qanatır Əl-Xeyriyyə
şəhərinin meri Əbduləzim Səid, Azərbaycan icmasının üzvləri və
yerli mətbuat nümayəndələri iştirak ediblər. Ulu Öndərin əziz
xatirəsinə ehtiram əlaməti olaraq heykəli önünə Qalubiyyə
vilayətinin qubernatorluğu, Azərbaycan Səfirliyi və Azərbaycan
icması adından əklillər qoyulub, gül dəstələri düzülüb. Sonra
Misir-Azərbaycan Dostluq Parkında yerləşən kitabxanada Heydər
Əliyevə və Azərbaycana həsr edilən materiallarla tanışlıq olub.
Səfir Elxan Poluxov Ümummilli Lider Heydər Əliyevin həyat və
fəaliyyəti haqqında danışıb, Misir-Azərbaycan Dostluq Parkındakı
abidənin iki dövlət arasında dostluq münasibətlərinin şahidi
olduğunu qeyd edib. O, Qalubiyyə qubernatorluğunun bu heykəlin
qorunub saxlanmasında göstərdiyi səyləri yüksək qiymətləndirib.
Qalubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə ölkələrimiz arasında
əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrin inkişafında
Heydər Əliyevin xüsusi rol oynadığını bildirib. Buna görə də onun
Misirdə həmişə xoş xatirələrlə yad edildiyini vurğulayıb. O,
Dostluq Parkında Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət
edəcək müxtəlif tədbirlərin təşkilinə dəstək verməyə hazır olduğunu
diqqətə çatdırıb. Tədbir bir çox yerli mətbuat orqanlarında geniş
işıqlandırılıb.

Rustavidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının
Təhsil və Mədəniyyət Mərkəzinin müəllim və şagirdləri həmin şəhərdə
yerləşən Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül
dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Mərkəzin rəhbəri
Raida Dərziyeva Ümummilli Liderin həyat və fəaliyyəti haqqında
gənclərə ətraflı məlumat verib, Heydər Əliyevin ömrünü Azərbaycan
xalqına, dövlətçiliyinə və müstəqilliyinə həsr etdiyini deyib. Onun
yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanla
Gürcüstan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu,
orada yaşayan soydaşlarımıza diqqət və qayğının artdığını söyləyib.
Prezident İlham Əliyevin Azərbaycan və Gürcüstan arasındakı dostluq
və strateji tərəfdaşlıq münasibətlərini bu gün də uğurla davam
etdirdiyini bildirib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyük
şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi
düşdüyünü diqqətə çatdırıb.