Agentlik sədri Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması üzrə görülən işləri AÇIQLAYIB

Baş səhifə

Bakı. Trend:

Heyvan xəstəliklərindən azad zonaların yaradılması “Azərbaycan
Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair
2019–2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb və
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün prioritet mövzulardan
biridir. Azərbaycanın iki bölgəsində – Naxçıvan Muxtar Respublikası
və işğaldan azad edilmiş ərazilərdə heyvan xəstəliklərindən azad
zonaların yaradılması prosedurları həyata keçirilir.

Bunu Trend
açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyinin sədri Qoşqar Təhməzli bu gün aqrar biznes
festivallarına həsr olunan yekun tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, bu təşəbbüs bölgədə baytarlıq nəzarətinin
gücləndirilməsi, heyvandarlıq məhsullarının keyfiyyətinin
artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından
mühüm addım hesab olunur: “Bu status tanındıqdan sonra heyvan
məhsullarının ixracına və ölkə ərazisindən tranziti ilə bağlı
mövcud olan bir sıra maneələr aradan qaldırılacaq.




İlk növbədə azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinin
qarşısının alınmasına yönəldiləcək və “peyvəndləmə ilə azad”
statusun əldə olunması istiqamətində praktiki işlərə başlanacaq.
Hazırda bu istiqamətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST)
ilə müvafiq danışıqlar aparılır”.

“İlk azad zonanın tam hazır olması ilə bağlı konkret vaxt
söyləməyimiz düzgün olmaz, lakin onu deyə bilərəm ki, bu
istiqamətdə tədbirlərimizi davam etdiririk”, – sədr əlavə edib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən
xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi
xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə
əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu
xəstəliyindən azad status qorunub saxlanılır.