“Liverpul”un çempionluq şənliyidə izdihama avtomobil sürən şəxsin cəzası məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin may ayında “Liverpul” futbol klubunun çempionluq
mərasimi zamanı avtomobilini kütlənin üzərinə sürərək 134 nəfəri
yaralayan Pol Doyl 21 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı Doylun işi üzrə məhkəmə
prosesi Liverpul Krallıq Məhkəməsində keçirilib.

O, ilkin mərhələdə ittihamları rədd etsə də, sonradan bütün
maddələr üzrə təqsirini etiraf edib.




Məhkəmə Doylu təhlükəli avtomobil idarəetmə iğtişaş törətmə, 17
nəfərə qarşı qəsdən ağır bədən xəsarəti yetirməyə cəhd, 9 nəfərə
qəsdən ağır bədən xəsarəti yetirmə və 3 nəfəri qəsdən yaralama
maddələri ilə təqsirli bilib.

İttiham tərəfi bildirib ki, aralarında 8 uşağın da olduğu 134
nəfərin yaralanmasına səbəb olan Doyl qəzəbli vəziyyətdə hərəkət
edib və insanların təhlükəsizliyini bilərəkdən nəzərə almayıb.
Məhkəmə hadisə zamanı sürücünü dayandırmağa çalışan Daniel Barrın
hərəkətlərini də xüsusi qeyd edib.

Hakim hökmü elan edərkən vurğulayıb ki, insanların həyatını açıq
şəkildə təhlükə altına atan bu cür davranış heç bir şəkildə
əsaslandırıla bilməz.