
Bakı. Trend:
Azərbaycan dayanıqlı iqtisadi inkişafı, təkmil inkişaf modeli
ilə daim dünyanın diqqətindədir. Ölkəmizin dünya ictimaiyyətinin
diqqət mərkəzində olmasının əsas səbəbi odur ki, hər dövrün
çağırışları yüksək səviyyədə yerinə yetirilir, islahatlar davamlı
xarakter alır. Prezident İlham Əliyevin çağırışlarında bu məqam
xüsusi qeyd edilir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı
illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Əvvəlki dövrlərdə
əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim
üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas
məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında
danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək
haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.
Prezident İlham Əliyev 2003-cü ildə iqtisadi artımın qeyri-neft
sektorunun hesabına olmasına çağırış etdi və “Neft kapitalını insan
kapitalına çevirək!” tezisini irəli sürdü. Hədəfə nail olmaq üçün
regionların malik olduğu potensialdan səmərəli istifadəyə
hədəflənən regional inkişaf Proqramını təsdiqlədi. Tarixi
Zəfərimizədək regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət
Proqramı qəbul edildi və uğurla icra olundu. Həmin sənədlərdə hər
bir bölgənin malik olduğu təbii resurslar və onlardan səmərəli
istifadənin icra mexanizmləri öz əksini tapdı. Təbii ki,
infrastruktur layihələrinin icrası əsas prioritetlər sırasında idi.
Məqsəd bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan
sahibkarlığın inkişafı üçün zəruri olan işlərin görülməsi, iş
adamlarına hərtərəfli diqqətin göstərilməsi idi. Prezident İlham
Əliyev hələ 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini
qazanaraq Prezident seçildiyi ilk günlərdə hədəfləri açıqlayarkən
güclü sahibkarlar sinfinin yaradılacağını xüsusi qeyd etmişdi. Bu
gün artıq bu hədəfin reallığa çevrildiyini, sahibkarlara dövlətin
diqqət və qayğısının davamlı olduğunu, Azərbaycanın biznes
imkanlarının gündən-günə artdığını əminliklə qeyd edirik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin tarixi
Zəfərimizdən sonra təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”,
həmçinin bu günlərdə imzaladığı “Etibarlı Tərəfdaş Konsepsiyası”nın
təsdiq edilməsi haqqında Sərəncam da bunun bariz nümunəsidir.
Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və
şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı
inkişafının təmin edilməsi məqsədilə təsdiqlənən bu Konsepsiya
gömrük-biznes əməkdaşlığı çərçivəsində idarəetmənin
təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq
ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını və
ticarətin asanlaşdırılmasını hədəfləyir. Sahibkarlıq sahəsində
aparılan islahatlar yeni iqtisadi sahələrin inkişaf etdirilməsinə,
daha çevik ixrac mexanizmlərinin formalaşdırılmasına, “Made in
Azerbaijan” brendinin beynəlxalq ticarət platformalarında təşviqinə
dəstək mexanizminin qurulmasına və sair kimi məqsədlərə nail olmağa
şərait yaradıb. “Etibarlı Tərəfdaş Konsepsiyası”nda qeyd edildiyi
kimi, digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da gömrük
xidmətlərinin modernləşdirilməsinə xidmət edən etibarlı tərəfdaşlıq
modelinin tətbiqi ölkəmizin iqtisadi inkişafında və qlobal rəqabət
mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Bu
baxımdan bu sahədə sistemli yanaşmanı özündə ehtiva edən milli
konsepsiyanın hazırlanması zərurəti yarandı.
Vüqar Rəhimzadə vurğulayıb ki, iqtisadiyyatı düzgün əsaslar
üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən
əsas amillər sırasındadır. Ümummilli Lider Heydər Əliyevin
iqtisadiyyatın inkişafında neft amilinə verdiyi xüsusi önəm Ulu
Öndərin bugünümüzə hesablanmış mühüm addımları sırasındadır.
Azərbaycan öz təbii resurslarından səmərəli istifadə etmək
məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji
layihələrini reallığa çevirməklə etibarlı tərəfdaş kimi mövqeyini
daha da möhkəmləndirir. Regional çərçivədə qurulan əlaqələrin
coğrafiyası faha da genişlənir, dövrün çağırışlarına uyğun olaraq
yeni əməkdaşlıq formatları yaradılır. Hazırkı dövrün əsas
çağırışlarından biri, təbii ki, yaşıl enerjiyə keçiddir. Azərbaycan
bu sahədə də zəngin potensiala malikdir. Ötən il planetimizə səs
salan, dünyanı Bakıya toplayan COP29 tədbiri Azərbaycanın
beynəlxalq təqdimatı oldu. Ölkəmizin etibarlı tərəfdaş kimi nüfuz
qazanması, beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirməsi həm
iqlim konfransının uğurlu nəticələrində, həm də istər bu mötəbər
tədbir çərçivəsində, istərsə də ondan sonra imzalanan sənədlərdə
özünün aydın ifadəsini tapdı. Azərbaycan bir daha çoxtərəfliliyin
tərəfdarı olduğunu dünyaya nümayiş etdirdi.
Milli Məclisin deputatı bildirib ki, dayanıqlı iqtisadi
inkişafın əsas göstəricilərindən biri işğaldan azad edilmiş
ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləridir. Son beş
ildə görülən işlərin miqyasının ölçüyəgəlməzliyi 6 şəhərin, 2
qəsəbənin və 20-dən artıq kəndin sakinlərinə qovuşmasında əksini
tapıb. Azərbaycanın dünya hərb tarixində ilkə imza ataraq
müharibədən dərhal sonra azad edilmiş ərazilərdə bərpa-quruculuq
işlərinə başlaması beynəlxalq səviyyədə təqdir edilir. Bu
ərazilərdə də əsas diqqət göstərilən məsələlərdən biri
infrastruktur layihələrinin uğurlu icrasıdır. Yeni avtomobil, dəmir
yolları çəkilib, beynəlxalq hava limanları tikilib istifadəyə
verilib. Qısa zamanda bu ərazilərdə üç Beynəlxalq Hava Limanının
istifadəyə verilməsi Azərbaycanın iqtisadi imkanlarının, tarixi
sahibinə qovuşan Qarabağ və Şərqi Zəngəzurun coğrafi mövqeyinin
böyük əhəmiyyət daşıdığının, eyni zamanda, bu torpaqlarda dayanıqlı
inkişafın təmin edilməsinə geniş imkanlar yaradacaq böyük iqtisadi
potensialın mövcudluğunun nümayişidir. Prezident İlham Əliyevin
ötən il yeni dövrün mühüm hadisələri sırasında xüsusi yer tutan 7
fevral prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən
andiçmə mərasimində vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur
bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O
bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı
layihələr, həm də turizm layihələri qeyri-neft sektoruna böyük
dəstək verəcəkdir.
Vüqar Rəhimzadə qeyd edib ki, davamlı islahatlar, şəffaflığın
təmin edilməsi, idarəçilikdə səmərəliliyin artırılması və sair kimi
amillər Azərbaycanın daim inkişaf modelinə yeniliklər gətirir,
təkmilləşməni bir zərurətə çevirir. Bugünədək əhalinin rifah
halının yüksəlməsinə xidmət edən beş sosial paketin icrası də
ölkəmizin dayanıqlı inkişafının təqdimatında əhəmiyyətli rol
oynayır. Gələn ilin dövlət büdcəsinin sosialyönümlülüyünün təmin
edilməsi özündə mühüm məqamları ehtiva edir. Əsas hədəf vətəndaş
məmnunluğunun daha da artırılması, insanların yüksək rifahının
təmin edilməsidir. Özünüməşğulluq proqramının uğurlu icrası da bu
məqsədə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə
görülən işlərə diqqət yetirsək indi və gələcəkdə bu ərazilərdə
yaşayacaq soydaşlarımızın məşğulluğunun təmin edilməsinin əsas
prioritetlər sırasında olduğunu görərik.
Vüqar Rəhimzadə sonda vurğulayıb ki, “Etibarlı Tərəfdaş
Konsepsiyası” adından da göründüyü kimi, Azərbaycanın regionda və
dünyada möhkəmlənən iqtisadi və siyasi mövqeyinə yeni əlavələr
gətirəcək. Bir sözlə, atılan addımlar, imzalanan sənədlər bir daha
təsdiqləyir ki, ölkədə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi,
qlobal tədarük zəncirlərində dayanıqlığın artırılması və beynəlxalq
tərəfdaşlarla əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi
əsasdır.

