
Bakı. Trend:
Azərbaycan Güləş Federasiyası güləş idman növünün təbliği
istiqamətində həyata keçirdiyi kampaniyanı davam etdirir.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti
məlumat yayıb.
Kampaniya çərçivəsində Gənclər və İdman Nazirliyi və Milli
Olimpiya Komitəsinin birgə dəstəyi ilə “Güləş Qarabağda” devizi
altında Qarabağ və Şərqi Zəngəzura səfər təşkil olunub. Səfərdə
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının
rəsmiləri, həmçinin tanınmış güləşçilər iştirak ediblər.
Nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub. Qonaqlar
əvvəlcə Nizami Gəncəvi adına 4 saylı orta məktəbə baş çəkiblər.
Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev kimi
tanınmış güləşçilər məktəblilər tərəfindən böyük coşğu və maraqla
qarşılanıb. Yeniyetmələr tanınmış idmançılarla şəkil çəkdirib,
avtoqraf alıblar, daha sonra məktəbin stadionunda qurulan güləş
xalçası üzərində güləşin əsas elementləri ilə tanış olublar.
Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan
Nəzərianinin rəhbərliyi ilə keçirilən oyunlar tədbirə əlavə rəng
qatıb. Şagirdlərə Azərbaycan Güləş Federasiyası tərəfindən
hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi güləşin populyarlığını daha
da artırmaq, tanınmış güləşçilərlə məktəblilərin ünsiyyətini təşkil
etmək, gənc nəsildə sağlam həyat tərzini, “sağlam bədəndə sağlam
ruh olar” düşüncəsini və vətənpərvərlik ruhunu
formalaşdırmaqdır.

