
Bakı.Trend:
DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət
xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən
ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək
məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər
hazırlayıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş
pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi,
həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin
qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla
vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət
qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.
Bu təşəbbüs “ölkənin rəqəmsal hökumət” modelinin daha da
güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və
vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı
İnkişaf Məqsədlərinə töhfə verəcəkdir.

