Bakı.Trend:
Havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan
istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da
artırır. Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik
qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola
bilər.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin dəm qazı
təhlükəsi ilə əlaqədar əhaliyə müraciətində deyilir.
Bildirilir ki,bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin
apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd
edilməlidir ki, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş
verir.
Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və
hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının
alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən
təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha
xatırladır:
istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;
cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az
olmamalı;
havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər
olmalı;
tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı
insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq
dəm qazından zəhərlənmənin əsas əlamətləridir.
Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz
havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək,
təcili tibbi yardım çağırmaq lazımdır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!

