İran AEBA ilə lazım olduğu halda müxtəlif səviyyələrdə danışıqlar apara bilər – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran lazım olduğu halda müxtəlif səviyyələrdə Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin müdirləri ilə danışıqlar apara bilər.

Trend-in
məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat
katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.

Onun sözlərinə görə, hazırda İranın Vyanadakı nümayəndəliyinin
AEBA ilə birbaşa əlaqəsi vardır və İranla AEBa arasında təmaslar
davam edir.

Bəqai bildirib ki, İran AEBA-nın üzvüdür və bu baxımdan
danışıqlar üçün hər hansı problem ola bilməz.

“İranla AEBA arasında əməkdaşlıq üçün yeni bir metodun
formalaşmasına gəlincə, bu məsələ haqda fikir mübadiləsi
aparılmalıdır. Qeyd etmək yerinə düşər ki, hazırda İranın AEBA ilə
qarşılıqlı əməkdaşlığının əsasını İran parlamentinin qəbul etdiyi
qanun təşkil edir. Bu qanun İranın AEBA ilə əməkdaşlığının
formatını, çərçivəsini çox aydın şəkildə müəyyənləşdirib”, – deyə o
qeyd edib.




Qeyd edək ki, 28 sentyabrda BMT Təhlükəsizlik Şurası 2231 saylı
qətnamə çərçivəsində İran əleyhinə BMT Təhlükəsizlik Şurasının
digər qətnamələrini bərpa edib.

Əlavə edək ki, 20 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurası
2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq
olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar
genişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.

Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına
əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı
pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.
Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT
Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT
Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,
İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.
Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi
əməliyyat icazəsi verir.

2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın
dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib.
İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün
ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik
Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin
təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik
müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.