İspaniya polisi narkotik qaçaqmalçılığı üçün vertolyotlardan istifadə edən dəstəni zərərsizləşdirib

Baş səhifə

Bakı. Trend:

İspaniya polisi hava yolu ilə narkotik qaçaqmalçılığına qarşı
nadir əməliyyat çərçivəsində Mərakeşdən həşiş daşınması üçün
vertolyotlardan istifadə edən cinayətkar dəstəni
zərərsizləşdirib.

Trend xəbər verir
ki, bu barədə Reuters məlumat yayıb.

Mülki Qvardiyanın sözçüsü Qonzalo Lopez bildirib ki, 500–900
kiloqramadək narkotik daşımaq imkanına malik vertolyotlar Aralıq
dənizi üzərindən İspaniyanın cənubuna uçur, daha sonra isə narkotik
maddələr avtomobil yolu ilə Avropanın digər bölgələrinə
daşınırdı.




Polisin Malaga, Almeriya və Mursiya əyalətlərində keçirdiyi
reydlər zamanı təcrid olunmuş anbarda bir vertolyot, həmçinin 657
kiloqram həşiş, beş ədəd odlu silah, nağd pul və nəqliyyat
vasitələri müsadirə edilib.

Əməliyyatda Mərakeş, Belçika və İsveçin hüquq-mühafizə orqanları
da iştirak edib. Nəticədə altı nəfər saxlanılıb.

Qeyd edək ki, bu ilin əvvəlində də İspaniya polisi Mərakeşdən
ölkəyə narkotik daşımaq üçün dronlardan istifadə edən cinayətkar
qruplaşmaları zərərsizləşdirmişdi.