Bakı. Trend:
Rumıniyanın ədliyyə sistemindəki korrupsiyaya qarşı şənbə günü
Buxarestdə hökumət qərargahının qarşısındakı meydanda keçirilən
etiraz aksiyasında təxminən 8 min nəfər iştirak edib.
Trend xəbər verir
ki, bu barədə “HotNews” portalı məlumat yayıb. Etirazçılar ədliyyə
sistemindəki “mafiya şəbəkələrinin” aradan qaldırılmasını, Ali
Kassasiya Məhkəməsinin sədri və daxili işlər nazirinin istefasını
tələb ediblər. Buxarestdəki etirazlar artıq dördüncü gündür ki,
Rumıniyanın digər şəhərlərinə də yayılıb.
Etirazlara səbəb korrupsiyanın araşdırılması üzrə ixtisaslaşmış
rumın jurnalistlərin hazırladığı “Əsirlikdə ədalət” sənədli filmi
olub. Filmdə bəzi hakim və prokurorların ölkənin məhkəmə sisteminə
əsas vəzifələrdə olan şəxslər tərəfindən nəzarət edildiyini, iri
korrupsiya işlərinin susdurulduğunu və bəzi cinayət işlərinin
əsassız olaraq bağlandığını iddia etdikləri göstərilib.
Film ilk dəfə çərşənbə axşamı “YouTube”da, çərşənbə günü isə
milli televiziyada nümayiş etdirilib. Ali məhkəmə instansiyalarının
rəhbərləri filmdə göstərilən faktların həqiqətə uyğun olmadığını
bildirərək ittihamları rədd ediblər, lakin bir çox hakim və
prokuror ədliyyə sistemində sui-istifadə hallarının müntəzəm baş
verdiyini təsdiqləyiblər.
Ali Magistratura Şurası filmdə göstərilən faktlarla bağlı
araşdırma aparmaq üçün Məhkəmə Müfəttişliyinə göstəriş verib.
Prezident Nikuşor Dan isə milli ədliyyə sistemindəki problemləri
müzakirə etmək üçün dekabrın 22-də hakim və prokurorları iclasa
dəvət edib.

