Bakı. Trend:
Sudanın Cənubi Kardofan ştatının inzibati mərkəzi olan Kaduqli
şəhərində yerləşən BMT missiyasının obyektinə “Çevik Dəstək
Qüvvələri”nin (ÇDQ) endirdiyi hava zərbəsi nəticəsində azı 6 dinc
sakin həlak olub.
Trend xəbər verir
ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Məlumata görə, ÇDQ şəhəri mühasirəyə alıb. Sudan hökuməti baş
verən hücumu qınayıb.
Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində
kəskinləşib. Buna Suveren Şuraya rəhbərlik edən Əbdül Fəttah
əl-Burhanla “Çevik Dəstək Qüvvələri”nin komandanı Məhəmməd Həmdan
Daqalo arasında ziddiyyətlərin yaranması səbəb olub. Xartumda
başlayan toqquşmalar sonradan ölkənin digər bölgələrinə də
yayılıb.
Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər
ölüb, 14 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb və
aclıq həddində yaşayır.
Hazırda ən ağır vəziyyət Sudanın cənub bölgələrində, eləcə də
ÇDQ-nin nəzarətində olan Cənubi Kardofan ştatında müşahidə
olunur.

