Vəkillər Kollegiyasının nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin
paytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi
nümayəndə heyəti Azərbaycan bu ölkədəki səfirliyini ziyarət
edib.

Trend xəbər verir
ki, bu barədə Vəkillər Kollegiyasının mətbuat xidməti məlumat
yayıb.

Ziyarət zamanı nümayəndə heyəti səfirliyin heyəti ilə görüşüb,
iş şəraiti ilə maraqlanıb.

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi
Osmanov nümayəndə heyətini səmimiyyətlə salamlayaraq görüşdən
məmnunluğunu ifadə edib, Azərbaycan-Rumıniya münasibətlərinin son
illər dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. O, hüquq
sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu
istiqamətdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə
əlaqələrin genişləndirilməsinə və zəruri dəstəyin göstərilməsinə
hazır olduqlarını bildirib.

Anar Bağırov çıxış edərək dəvətə və səmimi qəbula görə
təşəkkürünü bildirib, Rumıniyaya səfərin əsas məqsədinin iki ölkə
arasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi,
qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu
vurğulayıb.

Sədr Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və
müasirləşdirilməsi, vəkillik fəaliyyətinin davamlı inkişafı
istiqamətində həyata keçirilən islahatlardan bəhs edib, vəkillik
institutunun müstəqilliyinin əsasının Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulduğunu vurğulayıb. Anar Bağırov müstəqil
Azərbaycanın Konstitusiyasının məhz Ulu Öndərin rəhbərliyi ilə
hazırlandığını xatırladaraq, bu sənədin hüquqi dövlət quruculuğunda
mühüm rolunu xüsusi qeyd edib.

Eyni zamanda Anar Bağırov Azərbaycanın Rumıniyadakı fövqəladə və
səlahiyyətli səfiri Qüdsi Osmanovun fəaliyyətinə toxunaraq,
nümayəndə heyətinə göstərilən diqqət və dəstəyə görə
minnətdarlığını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Anar Bağırov səfirlik binasına Kollegiyanın rəsmi
emblemini və nəfis şəkildə hazırlanmış Konstitusiya kitabını
hədiyyə edib.