
Bakı. Trend:
11-12 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Krallığında
səfərdə olub.
Trend xəbər verir ki, bu
barədə XİN məlumat yayıb.
Səfər zamanı Banqkok şəhərində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi
arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Siyasi məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə
heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Tailand
Krallığının nümayəndə heyətinə xarici işlər nazirinin müavini
Vijavat İsarabhakdi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı “Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında
siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”
imzalanıb.
Daha sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət,
mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu və
gələcək inkişaf perspektivləri müzakirə olunub.
Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın daha da
genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Müqabil tərəfə Azərbaycanın sülh gündəliyi, işğaldan azad
edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün görülən
tədbirlər, eləcə də həmin ərazilərdə aparılan genişmiqyaslı
yenidənqurma və bərpa işləri barədə məlumat verilib.
Tailand Krallığının xarici işlər naziri Sihasak Phuanqketkeov
ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi münasibətlərin
hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Səfirliyin açılışının
və ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın
gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
Eyni zamanda, nazir müavini Elnur Məmmədov Tailand Krallığı
Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının
spikeri Vanmuhammadnoor Matha ilə görüşüb. Görüşdə ikitərəfli
münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu
qeyd olunub, çoxtərəfli parlamentlərarası platformalarda təşəkkül
tapmış səmərəli əməkdaşlıq məmnunluqla vurğulanıb.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Tailandın
nüfuzlu TNN televiziya kanalına, eləcə də parlamentin televiziya
kanalına müsahibələr verib. O, həmçinin Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Səfirlik
tərəfindən təşkil olunmuş mərasimdə iştirak edib.
Bununla yanaşı, xarici işlər nazirinin müavini Elnur Məmmədov
Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok
İnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə çıxış
edib və iştirakçıların suallarını cavablandırıb.

