Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
xatirə gecəsi keçirilib.

Trend xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyevin həyat
və fəaliyyətinə həsr olunmuş “Liderin qəlbi” sənədli filmi nümayiş
etdirilib. Filmin müəllifi Mixail Qusmandır.

Filmi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva izləyib.

Tədbir Ümummilli Liderin xatirəsinə bir dəqiqəlik sükutla
başlayıb.

İzləyicilər qarşısında çıxış edən Mixail Qusman filmin üzərində
iş prosesindən danışıb və bu cür dahi şəxsiyyət haqqında bir
saatlıq lent yaratmağın asan olmadığını vurğulayıb. O qeyd edib ki,
materiallar Heydər Əliyevin yolunu və xarakterini mümkün qədər
dəqiq çatdırmaq üçün hissə-hissə toplanıb.

Filmin müəllifi, həmçinin Ümummilli Liderlə bağlı şəxsi
xatirələrini bölüşərək onun qeyri-adi daxili gücünü, möhkəm
xarakterini və cəsarətini qeyd edib.

M.Qusmanın sözlərinə görə, Heydər Əliyev ləyaqətini və təmkinini
itirmədən həyatın bütün çətinliklərinin öhdəsindən gələ bilib və
həmişə özünün əsas – Azərbaycana xidmət etmək məqsədinə sadiq
qalıb. Heydər Əliyevin bütün həyatı ölkəyə və onun gələcəyinə həsr
olunub və o, həqiqətən öz xalqı üçün yaşayıb.

Mixail Qusman filmdə yer almış epizodlardan birinin üzərində
ayrıca dayanıb: çıxışı zamanı Heydər Əliyevin özünü pis hiss etdiyi
an. Müəllif qeyd edib ki, bu kadr liderin mənəvi gücünü və
dözümlülüyünü vurğulayan hekayənin mühüm hissəsinə çevrilib.