Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın
12-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar
Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi
üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə
heyətini, dövlət ittihamını müdafiə edən prokurorları,
tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim
edib.

Müdafiəçi birinci vəsatətində cinayət işi üzrə ibtidai istintaq
zamanı ifadə verən bütün şahidlərin və məhkəmə istintaqı zamanı
şahid qismində dindirilmiş Kamo Hayrapetyanın, Muşeq Qriqoryanın və
digər tədqiq olunan şahid ifadələrinin mötəbər sübut hesab
edilməyərək, iş üzrə təqsirləndirilən R.Vardanyanla əlaqəsinin
olmaması səbəbindən sübut siyahısından çıxarılması və
təqsirləndirilən şəxsə qarşı sübut kimi istifadə olunmamasını,
eləcə də yekun məhkəmə qərarı qəbul edilən zaman nəzərə
alınmamasını xahiş edib.

E.Babışov ikinci vəsatətlə bağlı qeyd edib ki, məhkəmə istintaqı
zamanı ittihamın əsasını təşkil edən bir sıra sübutlar tədqiq
olunub, yüzlərlə zərərçəkmiş şəxs, habelə zərərçəkmiş şəxslərin
hüquqi varisləri ifadə verib, prosesdə iştirakı müəyyən səbəblərdən
mümkün olmayan şəxslərin ifadələri, digər aidiyyəti sənədlər elan
edilib, bir çox şəxslərin aldığı xəsarətlər barədə faktlar
açıqlanıb. Vəkil deyib ki, buna baxmayaraq, hüquqlarını müdafiə
etdiyi şəxsin mövqeyinə görə, həmin şəxslərin verdiyi ifadələrin
təqsirləndirilən şəxslə heç bir əlaqəsi yoxdur.

Belə ki, zərərçəkmiş şəxslərin verdikləri ifadələrdən məlum olub
ki, onların aldıqları xəsarətlər müxtəlif tarixləri əhatə edir.
Həmin tarixlərin müəyyən hissəsi iş üzrə təqsirləndirilən şəxs
R.Vardanyanın Ermənistan Respublikasının vətəndaşı olmadığı, yəni
Rusiya Federasiyası vətəndaşı olaraq şəxsi biznesi ilə çalışdığı
dövrlə üst-üstə düşür. Ona görə də məhkəmə istintaqı zamanı
zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varislərinin
məhkəmədə verdiyi ifadələrinin iş üzrə təqsirləndirilən şəxs
R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən yekun məhkəmə qərarı
çıxarılarkən təqsirləndirilən şəxsə qarşı sübut olaraq istifadə
edilməməsini xahiş edib.

Təqsirləndirilən şəxs vəsatətləri dəstəklədiyini bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətlərə münasibət
bildirərək qeyd edib ki, hər iki vəsatət eyniməzmunlu xarakter
daşıyır. Təqsirləndirilən şəxs Ermənistan dövləti tərəfindən
formalaşdırılmış, Azərbaycan Respublikasının suveren ərazilərinin
işğalı zamanı, həmçinin işğal dövründə çoxsaylı cinayətlər törətmiş
cinayətkar birliyə daxil olaraq, ümumi cinayətkar niyyət və
məqsədlərə uyğun fəaliyyət göstərib, zərərçəkən şəxs qismində ifadə
verən şəxslər də həmin dövrdə yaralandıqlarına, öldürülmələrinə
cəhd olunduğuna, eləcə də hüquqi varislərin ifadələrində
göstərildiyi kimi, zərərçəkən şəxslərin öldürülmələrinə görə
müvafiq ittihamlar verilib.

T.Məmmədova ikinci vəsatətlə bağlı çıxışında vurğulayıb ki,
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin
tələblərinə əsasən, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar barədə
xəbərdar olan şəxslərin ifadələri də şahid ifadəsi hesab
olunur.

Dövlət ittihamçısı bildirib ki, bunlar müşavirə otağında qiymət
veriləsi xüsusatlardır. “Odur ki, hazırkı mərhələdə vəsatətlərin
baxılmamış saxlanmasını xahiş edirik”, – deyə o əlavə edib.

Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki,
hər iki vəsatətdə göstərilən xüsusatlar yekun məhkəmə qərarı qəbul
edilən zaman qiymət verilməli hallar olduğundan hazırda bu
vəsatətlər baxılmamış saxlanılır.

Məhkəmə prosesi ittiham tərəfinin vəsatəti əsasında cinayət işi
üzrə digər zəruri sənədlərin tədqiqi ilə davam etdirilib.

Tədqiq olunan sənədlərdə göstərilib ki, Xankəndi şəhərində
yerləşən radioqəbuledici və radio veriliş mərkəzinə baxış zamanı
tünd yaşıl rəngli 03-11 31PB qeydiyyat nişanlı hərbi təyinatlı
avtomobil aşkarlanıb. Avtomobilin üzərində xüsusi radio avadanlıq
və arxa hissəsində “Repellant-1” sisteminin quraşdırıldığı müəyyən
edilib. Sistem pilotsuz uçan aparatların idarəetmə sisteminin
siqnallarının 30-35 kilometr məsafədən susdurulması üçün nəzərdə
tutulub. Avtomobilin içərisində monitor, idarəetmə sistemi,
soyuducu sistem olub.

Eyni zamanda, Xocalı rayonunda yerləşən hərbi hissədə saxlanılan
7 ədəd müxtəlif ölçülü tünd yaşıl rəngli qablaşmada olan
avadanlıqlara baxış zamanı avadanlığın “Polya-21” adlı radiomaneə
stansiyası olduğu və həmin stansiyanın da təyyarələrin “GPS”
sisteminə maneə yaratmaq üçün istifadə edilməsi müəyyənləşib.

Bundan başqa, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
tərəfindən Azərbaycanın hava məkanında peyk naviqasiyası
siqnallarının maneəyə məruz qalması ilə bağlı Azərbaycan
Respublikasının Baş nazirinə göndərilən 2021-ci il 27 sentyabr
tarixli məktubda bildirilir ki, 2021-ci ilin iyul ayının
əvvəllərindən ölkənin hava məkanında uçuşlar yerinə yetirən
müxtəlif aviaşirkətlərin hava gəmiləri ekipajlarından qlobal peyk
naviqasiya sisteminin (GNSS) siqnallarının qeyri-sabit işi, o
cümlədən bu siqnalların söndürülməsi və təhrif edilməsi halları
göstərilməklə çoxsaylı şikayətlər daxil olur.




Qeyd olunan dövrdə müxtəlif hava dəhlizləri üzrə uçuşlarda,
həmçinin müəyyən edilmiş qalxma, gəliş və hava limanlarına enmə
uçuş prosedurları zamanı ən azı 42 şikayət qeydə alınıb.
Azərbaycanın hava məkanında qlobal peyk naviqasiyasının işinin
sabitliyinin itirilməsi hava gəmilərinin uçuşlarının təhlükəsizliyi
üçün ciddi təhdid törədir. Belə ki, bu hava gəmilərinin
əksəriyyətində uçuş trayektoriyasına əsas nəzarət vasitəsi GNSS
siqnallarını qəbul edən avadanlıqdır. Peyk siqnalının olmaması və
ya dəqiqliyinin təhrif edilməsi ciddi nəticələrə gətirib çıxara
bilər.

Həmçinin havadan kəşfiyyat aparılaraq Ermənistan silahlı
qüvvələri və qanunsuz erməni silahlı dəstələrinə məxsus radiomaneə
vasitələrinin yerləri (koordinatları) pilotsuz uçuş aparatları
vasitəsilə çəkiliş aparılaraq fotogörüntüləri aşkarlanıb.

Bundan sonra təqsirləndirilən şəxs R.Vardanyan bir sıra
sənədlərin cinayət işinə əlavə olunmasını məhkəmədən xahiş
edib.

Müdafiəçi təqsirləndirilən şəxsin vəsatətini müdafiə edib.

Dövlət ittihamçıları etiraz etməyiblər.

Məhkəmə qərara alıb ki, təqdim olunan sənəd rus dilində olduğu
üçün Azərbaycan dilinə tərcümə edilərək cinayət işi materiallarına
əlavə olunsun.

Təqsirləndirilən şəxs R.Vardanyan daha sonra cinayət işi üzrə
1-15-ci cildləri nəzərdən keçirmək istədiyini, onun saxlanılması
ilə əlaqədar həmin cildlərdə adı keçən şahidlərin məhkəməyə dəvət
olunmasını xahiş edib.

Vəkil E.Babışov vəsatətlərin təmin olunmasına etiraz
etməyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət
bildirərək qeyd edib ki, əgər vəsatət cinayət işi üzrə hansısa
materialları əldə etməklə bağlıdırsa, etiraz yoxdur. Şahidlərin
dindirilməsinə gəldikdə, sənədlər tədqiq olunanda təqsirləndirilən
şəxs indiyədək sənədlərin heç birinə nə münasibət bildirib, nə
etiraz edib, aşkar olunan sənədlərin ona məxsus olub-olmadığı ilə
bağlı fikir söyləməyib. Protokolda olan hansısa məlumatın səhv
olduğunu bildirməyib.

“Hazırkı mərhələdə həmin protokolda qeyd olunan məlumatların nə
üçün mübahisəli, şübhəli olduğu görünmür. Hesab edirik ki, ortada
bir ziddiyyət yoxdur, mübahisə yoxdur. Ona görə vəsatətin təmin
olunmamasını xahiş edirik”, – deyə o əlavə edib.

Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki,
təqsirləndirilən şəxsin cinayət işinin müvafiq cildləri ilə tanış
olmağa dair vəsatəti təmin edilir, şahidlərin məhkəməyə dəvət
olunması ilə bağlı vəsatətə isə sonra baxılacaq.

Ardınca R.Vardanyan cinayət işi ilə bağlı audio-video
materialları nəzərdən keçirməyə imkan yaradılmasını da istəyib.

Məhkəməyə sədrlik edən qeyd edib ki, hansı audio-video
materiallar lazımdırsa, siyahısı təqdim olunsun və ona bu şərait
yaradılacaq.

Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),
112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113
(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və
adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,
116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,
29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.

Trend xatırladır ki,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə
təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində
başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.