
Bakı. Trend:
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər
həqiqətən unikal xarakter daşıyır.
Trend-in
məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq
Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə
həsr olunan beynəlxalq forumun plenar iclasında deyib.
Baş nazir xatırladıb ki, cari ilin oktyabr ayında Qəbələdə
keçirilmiş Türk Dövlətləri Təşkilatının Sammiti çərçivəsində təməli
qoyulan Füzuli məscidinin inşası təşəbbüsünə görə azad olunmuş
Füzuli şəhərinin sakinləri bir müddət əvvəl hörmətli Qurbanqulu
Məlikquluyeviçə minnətdarlıq məktubu ünvanlayıblar.
“Biz həmçinin özbək, qazax və qırğız qardaşlarımız tərəfindən
Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına
Uşaq İncəsənət Mərkəzinin, eləcə də Ağdamda Manas adına məktəbin
inşasına görə göstərilən qardaşlıq dəstəyini yüksək
qiymətləndiririk.
Eyni zamanda azad edilmiş ərazilərin dirçəlişi istiqamətində
göstərilən qardaş dəstəyinə görə Türkiyəyə də dərin təşəkkürümüzü
bildiririk.
Bütün bunlar, şübhəsiz ki, xalqlarımızın birliyinin bariz
nümunəsi kimi Azərbaycan xalqının qəlbində əbədi qalacaq”, – deyə o
vurğulayıb.
Ə.Əsədov qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının
Məşvərət Görüşünə ölkəmizin tamhüquqlu iştirakçı qismində qəbul
edilməsi bizim Azərbaycan xüsusi əhəmiyyətə malikdir:
“Bizi çoxəsrlik ortaq tarix, mənəvi-mədəni irs, qardaşlıq,
dostluq və həmrəylik birləşdirir”.

