
Bakı.Trend:
Dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma riskləri
nəzərə alınaraq, cari ilin təsdiq edilmiş “Epizootik tədbirlər
planı”ndan kənar olaraq bu serotipə qarşı əlavə peyvənd vasitələri
alınıb.
Trend xəbər
verir ki, bu barədə Kənd Təsəürrüfatı nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabr ayından etibarən peyvənd vasitələri ölkəyə
gətirilərək bölgü əsasında rayonlara, xüsusilə sərhəd rayonlarına
çatdırılıb və “soyuq zəncir” rejiminə əməl olunmaqla peyvəndləmə
tədbirləri həyata keçirilir. Həyata keçirilən profilaktik tədbirlər
dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının
və heyvandarlıq sahəsində itkilərin qarşısının alınmasına xidmət
edir.
Qeyd edək ki, dabaq iti yoluxucu virus mənşəli xəstəlik olub və
bütün cütdırnaqlı heyvanlarda, xüsusən iri və xırdabuynuzlu
heyvanlarda rast gəlinir. Virus ağız boşluğunda, süd vəzilərində və
dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarətə səbəb
olur və heyvanlar qidalanmadan qaldığı üçün məhsuldarlıq kəskin
şəkildə aşağı düşür. Yoluxma əsasən xəstə heyvanla birbaşa
təmas,virusla çirklənmiş yem-su, inventar,qulluq vasitələri,
personalın geyimləri və hava-damcı yolu ilə yayıla bilər.
Dabaq həm də transsərhəd xəstəlikdir – virus külək vasitəsilə
quruda, hətta dənizlər üzərindən belə kilometrlərlə məsafəyə yayıla
və qonşu dövlətlərin ərazisindən ölkəmizə keçə bilər. Həmçinin
tranzit və digər nəqliyyat vasitələri ilə yayıla bilər. Heyvan
sahiblərinin nəzərinə çatdırırıq ki, heyvanlarınızı mütləq
peyvəndləməyə cəlb edin və baytar həkimlərinin peyvəndləmə aparması
üçün lazımi şərait yaradın. Bununla bağlı heyvanların vaxtında və
düzgün peyvənd olunması üçün Aqrar Xidmətlər Agentliyinin Heyvan
Sağlamlığı və Baytarlıq Mərkəzinin rayon idarələrinə müraciət
etməyiniz tövsiyə olunur.
Hazırda bölgələrdə dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı
peyvəndləmə tədbirləri davam etdirilir. Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi
tərəfindən hər il iki dəfə olmaqla iri və xırdabuynuzlu heyvanlarda
profilaktika məqsədilə peyvəndləmə tədbirləri həyata keçirilir.


