
Bakı. Trend:
10 dekabr 2025-ci il tarixində Macarıstan Milli Assambleyasının
sədri cənab Laszlo Köver Baş katib səfir Ramil Həsənin rəhbərlik
etdiyi TÜRKPA nümayəndə heyətini qəbul edib.
Bu barədə Trend-ə TÜRKPA-dan məlumat verilib.
Cənab Laszlo Köver TÜRKPA nümayəndə heyətinin ziyarətinə görə
minnətdarlığını ifadə edərək onları Macarıstan Parlamenti adından
səmimiyyətlə salamlayıb. O, cənab Həsəni TÜRKPA-nın Baş katibi
vəzifəsinə seçilməsi və səlahiyyətlərinin icrasına başlaması
münasibətilə təbrik edərək, vacib və məsuliyyətli fəaliyyətlərinin
uğurla həyata keçirməsi ilə bağlı ona ən xoş arzularını çatdırıb.
Cənab Köver ilk dəfə olaraq TÜRKPA Baş katibini Macarıstan
Parlamentində salamlamaqdan böyük məmnuniyyət duyduğunu da ifadə
edib.
Əvvəlcə, Baş katib Parlament sədrinə TÜRKPA üzv parlamentlərinin
sədrlərinin səmimi salamlarını çatdırıb və Macarıstanın davamlı
əməkdaşlığına görə minnətdarlığını bildirib. O, macar və türk
xalqları arasındakı dərin tarixi və mədəni əlaqələri xatırladaraq,
ortaq irs və dəyərlərin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı qarşıda duran bir sıra vacib məsələlər müzakirə
olunub, o cümlədən gələcək vəzifələr, son koordinasiya toplantısı,
2026-cı il üzrə fəaliyyət planı və Macarıstan Parlamentinin Avropa
institutları ilə TÜRKPA arasındakı əməkdaşlığın inkişaf
etdirilməsində oynaya biləcəyi xüsusi rolu vurğulanıb. Baş katib
TÜRKPA-nın Qazaxıstanın cari sədrliyi çərçivəsində davam edən
fəaliyyətini qeyd edərək, Macarıstan Parlamenti ilə əməkdaşlığın
bütün sahələrinin inkişaf etdirilməsində maraqlı olduğunu
bildirib.
Hər iki tərəf Macarıstan və Türk dövlətləri arasında
münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib.
2014-cü ildən TÜRKPA-da müşahidəçi statusu ilə fəaliyyət göstərən
Macarıstanın aktiv iştirakı və TDT-yə güclü dəstəyi, o cümlədən
tarixi Budapeşt Zirvəsinə ev sahibliyi, bu inkişaf edən
tərəfdaşlığın mühüm göstəriciləri kimi vurğulanıb.
Baş katib ATƏT Parlament Assambleyasının 23-cü Payız Sessiyası
çərçivəsində keçirilmiş koordinasiya toplantısını da xüsusilə qeyd
edib. O, Macarıstan milli nümayəndə heyətinin rəhbəri cənab Attila
Tilkinin iştirakına görə səmimi təşəkkürünü ifadə edərək qeyd edib
ki, Macarıstanın fəal iştirakı toplantının uğuruna böyük töhfə
verib.
“TÜRKPA bu konstruktiv əməkdaşlığı yüksək qiymətləndirir və
Macarıstanın ATƏT PA çərçivəsində ortaq maraqların qorunması
istiqamətində birgə səyləri davam etdirəcəyinə əminliyini ifadə
edir”, – deyə Baş katib əlavə edib.
Baş katib, həmçinin cənab Köverlə türk dövlətləri başçılarının
qeyri-rəsmi zirvə görüşlərinin uğurlu təcrübəsinə əsaslanaraq, üzv
parlamentlərin sədrlərinin qeyri-rəsmi görüşlərinin təşkili
təşəbbüsünü də bölüşüb və qeyd edib ki, TÜRKPA sədrlərinin ilk
qeyri-rəsmi görüşü 2026-cı ilin aprel ayında İstanbulda
Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində
keçiriləcək. O, əlavə edib ki, Macarıstan Parlamentinin həm bu
qeyri-rəsmi görüşdə, həm də 2026-cı ildə TÜRKPA-nın Qırğızıstanda
keçiriləcək 15-ci Plenar Sessiyasında iştirakı böyük məmnuniyyətlə
qarşılanacaqdır.
Görüş zamanı Baş Katib “TDT+” konsepsiyası əsasında yeni
əməkdaşlıq formatlarının araşdırılması təklifi ilə də bölüşüb. O,
hökumətlərarası və parlamentlərarası strukturlar arasında birgə
əməkdaşlığın gücləndirilməsinin vacibliyini, bunun Avropa İttifaqı
və Avropa Parlamenti arasındakı əməkdaşlıq modelinə bənzər şəkildə,
yüksək səviyyəli qərarların daha səmərəli icrasını təmin edəcəyini
vurğulayıb.
Baş katib, həmçinin həm parlamentarilər, həm də ekspertlər
səviyyəsində parlament komitələri, ekspert qrupları və TÜRKPA-nın
dörd daimi komissiyası çərçivəsində strukturlaşdırılmış
əməkdaşlığın genişləndirilməsini təklif edib.
Cənab Köver, həmçinin Macarıstanın Türk dünyası ilə tərəfdaşlığa
dərin hörmətini vurğulayaraq Parlamentin davamlı əməkdaşlığa
sadiqliyini təsdiqləyib. Bu kontekstdə, Sədr Baş katibi 2026-cı
ildə Macarıstanda keçiriləcək Kurultay– Hun və Türk xalqlarının
böyük yığıncağına dəvət edib və qeyd edib ki, bu mühüm mədəni
tədbirdə onun iştirakı böyük məmnuniyyətlə qarşılanacaq.
Görüşün sonunda Baş katib 2026-cı ilin aprel ayında Macarıstanda
keçiriləcək parlament seçkiləri ilə bağlı ən xoş arzularını
çatdırıb və Macarıstan ilə TÜRKPA arasında əməkdaşlığın qarşıdakı
illərdə də davam edəcəyinə əminliyini ifadə edib.
TÜRKPA nümayəndə heyəti üçün təşkil edilmiş bələdçili parlament
gəzintisi Macarıstan Parlamentinin ikonik binası ilə yaxından tanış
olmaq imkanı yaradıb. Dunay çayının sahilində qürurla ucalan,
Budapeşt panoramasının ayrılmaz hissəsi və UNESCO-nun Dünya Mədəni
İrs Siyahısına daxil edilmiş bu neoqotik memarlıq incisi öz əzəməti
ilə unudulmaz təəssüratla yadda qalıb.
Baş katibi onun müavinləri Talgat Aduov, Muhammet Alper Hayali,
Komissiya katibi Aynurə Abutalıbova və Protokol xidmətinin rəisi
Yadigar Məmmədov müşayiət edib.
Macarıstan Parlamentindən isə sədrin Katibliyinin müavini Andras
Virag, sədrin xarici əlaqələr üzrə müşaviri Peter Sardi, xarici
əlaqələr üzrə direktor müavini Beatriks Kese, şöbə müdiri Layoş
Kohari, mətbuat şöbəsinin müdiri Zoltan Szilagyi və tərcüməçi Erika
Korodidən ibarət nümayəndə heyəti görüşdə iştirak edib.

