
Bakı.Trend:
İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması
halı müəyyən ərazilər üzrə müşahidə edilir. Drenaj sistemlərinin
qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su
xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin
artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına
səbəb olur.
Bu barədə Trend-in sorğusuna əsasən, Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qeyd edilib ki, elə ərazilər də var ki, orada təchizat sistemi
mövcud deyil, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin
mərkəzləşmiş içməli və tullantı su şəbəkələri mövcud olmayan
ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə
müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin
mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla
həyata keçirilir və sistemin inşası tədbirlər planına uyğun olaraq
mərhələlərlə aparılır.
“Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılması
məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su
şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza
briqadaları cəlb edilərək ərazilərdə toplanan yağış sularını
istismar qaydalarının mümkün şərtləri çərçivəsində idarə edirlər.
Həmçinin payızda mövsümlə bağlı İri Şəhərlərin Birləşmiş Su
Təchizatı Xidməti tərəfindən bütün tullantı və yağış xətlərində
monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı
xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan
xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur”.
Qurumdan bildirilib ki, intensiv yağışlarla bağlı 09 dekabr
tarixi, axşam saatlarından etibarən bütün sukanal idarələrində
növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib,
xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə
yönləndirilməsi işləri icra olunub.
“Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb olunub.
Hazırda yağışlar səngiyib, əməkdaşlar kiçik ərazilərdə az bir
həcmdə qalmış yağış sularının daşınması işlərini davam etdirirərək
həmin ərazilərin də təmizlənməsinə nail olurlar. Hazırda ADSEA
tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeni
infrastruktur təminatı məqsədilə bir sıra irihəcmli layihələr icra
olunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə,
ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar
zamanı subasma hallarının qarşısının alınmasına imkan
yaradacaq”,-deyə qurumdan əlavə olunub.

