
Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla
saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan
tədbiri ilə bağlı qərarın dəyişdirilməsi barədə məhkəməyə müraciət
edilib.
Trend xəbər
verir ki, bu gün Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb və
qərar qəbul edilib.
Qərara əsasən, vəsatət təmin edilməyib.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli
barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ
keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə
yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri
Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli
barələrində aparılan araşdırma çərçivəsində DTX-də
dindiriliblər.
Onların evində axtarış aparıldıqdan sonra DTX-yə
aparılıblar.
Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və
dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə
əlaqədardır.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev
Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə
yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət
yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham
olunur.


