
Azərbaycan və Avropa arasında aviasiya əlaqələrinin genişləndirilməsi perspektivləri tələbat, “açıq səma” siyasəti, eləcə də Avropa İttifaqı (Aİ) ilə ikitərəfli və tənzimləyici sazişlər baxımından çox ümidvericidir.
Bu barədə “Report”a Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Uilli Uolş Cenevrədə bildirib.
Onun sözlərinə görə, hava məkanında mövcud məhdudiyyətlər müəyyən çətinliklər yaratmaqda davam edir, lakin onların həlli regionun potensialını daha fəal şəkildə üzə çıxarmağa imkan verəcək.
“Xüsusilə Avropadakı cari vəziyyəti nəzərə alsaq, Azərbaycan bazarı və Avropa-Çin istiqaməti inkişaf zonaları kimi qiymətləndirilməlidir. Əgər mən investisiya qərarları qəbul etməli olsaydım, bu bazara əminliklə sərmayə qoyardım, çünki fikrimcə, inkişaf perspektivləri çox böyükdür”, – U.Uolş qeyd edib.
O vurğulayıb ki, Asiyadan Avropaya yükdaşıma marşrutlarının dəyişməsi fonunda xüsusilə hava nəqliyyatı ilə yük daşımaları üçün daha geniş imkanlar açılır.
“Aydındır ki, Azərbaycan da daxil olmaqla aralıq məntəqələr bu dəyişikliklərdən faydalanacaq. Buna görə də hesab edirəm ki, Azərbaycan həm sərnişin, həm də xüsusilə yük daşımaları üçün cəlbedici bazar kimi nəzərdən keçirilməlidir”, – IATA-nın rəhbəri əlavə edib.

