
Bakı. Trend:
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud”
xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli
718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində informasiya sistemləri və
ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) olub.
Agentlik informasiya sistemləri və ehtiyatlarını AZCON
Holding şirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Bakı Data
Mərkəzinə tam şəkildə yerləşdirib. Bununla da AYNA kritik
sistemlərin yüksək əlçatanlığını təmin edib.
“AzInTelecom” MMC tərəfindən AYNA-ya Virtual server –
IaaS (İnfrastructure-as-a-Service), Rezervlənmə – BaaS
(Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsinə
başlanılıb. Agentlik, əlavə olaraq, SPLA lisenziyalı “Microsoft”
məhsulları və SİP telefoniya xidməti ilə də təmin
olunub.
“Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT
sistemlərinin “AzInTelecom” MMC-ə məxsus Bakı və Yevlax Data
mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır,
informasiya sistemlərinin məhsuldarlığı artır. Təkmilləşdirilmiş
informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna,
keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail
olunur.
Qeyd edək ki, “AzInTelecom” MMC “bulud” xidmətləri üzrə
beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını
Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.


