
Bakı. Trend:
Azərbaycan və Serbiya strateji enerji resurslarına malik olmaqla
və mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməklə, artan qlobal
qeyri-sabit şəraitdə mühüm rol oynayırlar.
Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü,
Serbiyanın sabiq prezidenti Boris Tadiç Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Serbiyada gələcəyin energetikasının əsasını təşkil edəcək
litiumun böyük yataqları cəmləşib, Azərbaycanda isə artıq bu gün
üçün mühüm enerji potensialı formalaşdıran iri neft və qaz
ehtiyatları mövcuddur”, – deyə o vurğulayıb.
O həmçinin qeyd edib ki, hər iki ölkə Cənub və Cənub-Şərqi
Avropanı birləşdirən mühüm tranzit dəhlizləri üzərində yerləşdiyi
üçün əlavə geostrateji əhəmiyyətə malikdir.
“Belə marşrutlar üzərində yerləşən istənilən dövlət qaçılmaz
şəkildə artan risklərlə üzləşir. Bu amili nəzərə almamaq – uduzmaq
deməkdir. Məhz buna görə böyük dövlətlər arasında rəqabətin
gücləndiyi bir dönəmdə ehtiyatla hərəkət etmək və ölçülüb-biçilmiş
siyasət yürütmək lazımdır”, – deyə Tadiç bildirib.
Qlobal proseslərdən danışan Tadiç qeyd edib ki, beynəlxalq
hüquqa hörmətsizlik hazırkı qlobal qeyri-sabitliyin əsas faktoruna
çevrilib. Onun sözlərinə görə, beynəlxalq sistemin fraqmentasiyası
prosesi əslində Balkanlardan başlayıb.
“Bu gün biz Ukraynada müharibəni, hərbi müdaxilələri
əsaslandırmaq cəhdlərini və dünyanın müxtəlif regionlarında
çoxsaylı silahlı qarşıdurmaları görürük”, – deyə o söyləyib.
Tadiç vurğulayıb ki, beynəlxalq ictimaiyyət mövcud böhran
vəziyyətindən çıxış yolu tapmağa borcludur.
O həmçinin xatırladıb ki, Qlobal Bakı Forumunun yaradıldığı
dövrdə dünya tam fərqli idi: o zaman Ukrayna müharibəsi haqda
danışılmırdı və hətta Yaxın Şərqdə nizamlanmanın belə indiki
böhranlarla müqayisədə daha yaxın görünürdü.
Beynəlxalq qarşılıqlı fəaliyyət formalarından danışan Tadiç qeyd
edib ki, bu gün multilateral əməkdaşlığın inkişafı xüsusilə
vacibdir.
“Çoxtərəflilik beynəlxalq əməkdaşlığın əsas modellərindən biri
olaraq qalır. Bu, yeganə format deyil, lakin belə bir fəlsəfə
olmadan dünyanın qarşılaşdığı çağırışlara kompleks həllər tapmaq
mümkün deyil”, – deyə o bildirib.
Tadiç rəqəmsallaşmanın və süni intellektin qlobal proseslərə
təsirinə ayrıca diqqət ayırıb. Onun sözlərinə görə, bir çox
siyasətçi hələ də bu texnologiyaların və onların əsasını təşkil
edən araşdırmaların əhəmiyyətini lazımınca qiymətləndirmir.
“Süni intellekt insan düşüncəsinin əksidir. Rəqəmsal dünya
məlumatların daha sürətli və daha mürəkkəb formada ötürülməsinə
imkan verir və yüksək səviyyəli əlaqəlilik yaradır”, – deyə o
bildirib.
Eyni zamanda Tadiç qeyd edib ki, texnoloji tərəqqi ciddi risklər
də daşıyır.
“Hər şey tənzimləmə, məlumatların idarə edilməsi, məlumat
mərkəzlərinin təhlükəsizliyi və onların böyük enerji tələbatının
həlli kimi məsələlərdən asılıdır. Gələcəkdə daha çox tənzimləməyə
ehtiyac yaranacaq”, – o deyib.


