Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iclası keçirilib

Baş səhifə

Bu gün Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının (Koordinasiya Şurası) növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov dünya ölkələrinin Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərarını ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun daha bir bariz göstəricisi olduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, bu mötəbər tədbirin ölkəmizdə layiqli və yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi Koordinasiya Şurasına həvalə olunub.
Eqmont Qrupu çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli maliyyə kəşfiyyatı qurumlarının fəaliyyətinə və aralarında qarşılıqlı məlumat mübadiləsinə dəstək vermək məqsədilə 1995-ci ildə təsis edilib. Ölkəmiz isə 2011-ci ildə tamhüquqlu üzv qismində bu qrupa qoşulmuşdur.
Koordinasiya Şurasının üzvləri və Şura iclasına dəvət olunmuş bir sıra dövlət orqanlarının nümayəndələri tərəfindən Eqmont Qrupunun 32-ci Plenar İclasının keçirilməsinə dair məsələlərin ətraflı müzakirəsinin yekunu olaraq İş Planı təsdiq edilib.
İclasda həmçinin, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə Avropa Şurasının MONEYVAL Komitəsinə təqdim edilmiş tərəqqi hesabatı barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin FATF standartlarına uyğunlaşdırılması sahəsində mühüm irəliləyiş əldə edilib. Bu çərçivədə FATF-ın 7 tövsiyəsi üzrə ölkəmizin reytinqinin qaldırılması gözlənilir.
Bundan əlavə, iclasda ölkədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı digər məsələlər də müzakirə edilib.