
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı
həmkarı Abbas Əraqçi arasında təkbətək və geniş tərkibdə görüşlər
keçirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.
Məlumata görə, tərəflər Azərbaycan və İran arasında xoş qonşuluq
əlaqələrinə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın cari
gündəliyi və perspektivlərini müzakirə ediblər.
Nazirlər siyasi məsləhətləşmələrdən Birgə Dövlət Komissiyasına
və geniş hüquqi müqavilə bazasına qədər güclü institusional
çərçivələrin Azərbaycan və İranın daha da gücləndirməyə sadiq
olduqları sabit və gələcəyə yönəlmiş ikitərəfli münasibətlər üçün
möhkəm bir arxitektura təmin etdiyini vurğulayıblar.
Görüşdə həmçinin iqtisadi-ticarət əməkdaşlığını artırmaq
yollarını və vasitələrini, xüsusilə də “Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur iqtisadi rayonu ilə
Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri
daxil olmaqla nəqliyyat-logistika sahəsinə diqqət yetirilib.
Eyni zamanda, humanitar, xüsusilə də Bakı-Tehran/Təbriz arasında
aviareyslərin artırılması, təhsil, mədəniyyət və turizm sahələrində
əməkdaşlığa toxunulub.
Bundan başqa, BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Azərbaycan-Ermənistan
normallaşma prosesi və Azərbaycanın azad edilmiş ərazilərində
münaqişədən sonrakı yenidənqurma işləri barədə fikir mübadiləsi
aparılıb.


