
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”
(AZAL) balaca sərnişinləri üçün daha bir xoş yenilik təqdim edir.
Belə ki, uşaqlar üçün hazırlanmış rəngarəng və ilhamverici
“Arzulardakı mavi təyyarə” (“Blue Plane Dreams”) kitabı nəşr
olunub.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”
QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kitab AZAL-ın sifarişi ilə “TEAS Press” Nəşriyyat
Evi tərəfindən hazırlanıb. Kitabın nəşr olunması 7 dekabr –
Beynəlxalq Mülki Aviasiya Gününə həsr edilib. Azərbaycan və ingilis
dillərində çap edilən kitab AZAL-ın kiçik sərnişinlərinə uçuşlar
zamanı hədiyyə olunacaq.
Təqdimat mərasimində çıxış edən AZAL-ın vitse-prezidenti İlham
Əmirov layihənin gələcək mülki aviasiya kadrlarının formalaşmasında
əhəmiyyətli rol oynayacağını qeyd edib.
Kitabın müəllifi uşaqların sevimli yazıçısı Mürşüd
İsmayılzadədir. Hekayənin mərkəzində səkkizyaşlı Azər dayanır. Uzun
illər AZAL-da pilot kimi çalışmış babası ona ad günündə xüsusi
hədiyyə verir. Bu hədiyyə nəsilləri birləşdirən, peşəyə sevgini
simvolizə edən və Azərin arzusuna doğru ilk addımına təkan verən
təyyarə modelidir.
Azərin böyük qardaşı Milli Aviasiya Akademiyasının tələbəsi
Murad modeli yığmaqda ona kömək edir. Kitabda həmçinin təyyarələrin
necə işlədiyini izah edən və ümumilikdə aviasiya haqqında maraqlı
faktlar yer alır. Uşaqlar kitab sayəsində öyrənəcəklər ki,
təyyarələrin quruluşu quşlardan, ultrasəs dalğalarını əks etdirməsi
yarasalardan və quyruq hissəsinin konstruksiyası isə balıqlardan
ilhamlanaraq hazırlanıb.
Azər üçün həmin il xüsusi əhəmiyyət daşıyır: o, çox istədiyi
hədiyyəni almaqla yanaşı, ilk dəfə səyahətə çıxır. Bakıdan Qarabağa
uçuş onda unudulmaz təəssüratlar yaradır və gələcəkdə pilot olmaq
arzusunu daha da möhkəmləndirir.
“Arzulardakı mavi təyyarə” layihəsi AZAL-ın uşaqlar arasında
aviasiyaya marağı artırmaq, onları maarifləndirmək və gələcək nəsil
üçün yeni imkanlar yaratmaq məqsədi daşıyan təşəbbüslərinin tərkib
hissəsidir.

