Bakıda təmir-bərpa zamanı memarlıq abidəsinə ziyan dəyib

Baş səhifə

Bakı. Trend:

Bakıda təmir-bərpa zamanı memarlıq abidəsinə ziyan dəyib.

Trend xəbər verir ki, bu
barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət
Xidməti məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova
küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi
kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında
2023-cü ildə “VEST PARK” MMC tərəfindən yeni yaşayış binasının
tikintisinin aparılması planlaşdırılıb:

“Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün
yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust
2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət
ünvanlanıb. Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab
məktubunda planlaşdırılan tikinti nəticəsində sözügedən tarixi
abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq, mümkün risklərin
qarşısının alınması məqsədilə sözügedən şirkətin vəsaiti hesabına
tarixi binada təmir-bərpa işlərinin həyata keçirilməsi tələb
olunub.

7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin
gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam
örtüyündə təmir-bərpa işlərinin layihəsi hazırlanmış və
qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb,
Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən
bərpa işlərinə başlanılıb. Lakin, təmir-bərpa işlərinin gedişi
zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə
pozulub”.




Qeyd olunub ki, Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan
layihədə mövcud dam örtüyünün (ruberoid) saxlanılması nəzərdə
tutulduğu halda, şirkət tərəfindən həmin örtük yeni metal kirəmit
tipli konstruksiya ilə əvəz edilib, damda yerləşən tüstü və
havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə
konstruksiyalar binanın dayanıqlığına əlavə təhlükə yaradıb:

“Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb,
şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə
protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə
göndərilib. Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli
Qərarı ilə “VEST PARK” MMC təqsirli hesab edilib.

Abidənin tarixi görkəminə qaytarılması tələbinə “VEST PARK” MMC
tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və
zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə
dolub”.

Məlumata görə, binanın dam örtüyünün şirkət tərəfindən tezliklə
təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək.