
Bakı. Trend:
Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və
təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat
verilib.
Qonaqları səmimi salamlayan Şeyxülislam A. Paşazadə Azərbaycanda
mövcud unikal multikultural həyat tərzi haqqında, ölkə rəhbərinin
səy və təşəbbüsləri sayəsində Azərbaycan dövlətinin beynəlxalq
dinlərarası dialoq müstəvisində qabaqcıl rolu, dini mərkəz olaraq
Qafqaz Müsəlmanları İdarəsinin dünya miqyasında dinlərarası
əməkdaşlıq istiqamətində fəaliyyəti barədə danışıb.
Səmimi şəraitdə keçən görüşdə Azərbaycanda tarixən mövcud olan
tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o
cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və
əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb. Digər dini
və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət
səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək
qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal
iştirakı qeyd edilib.
QMİ sədri bu yaxınlarda ABŞ-da səfərdə olarkən keçirdiyi yüksək
səviyyəli görüşlər, din xadimləri və ictimai liderlərlə
ünsiyyətləri zamanı Azərbaycana münasibətdə müsbət tendensiyaların
artdığından məmnunluğunu ifadə etmişdir. Şeyxülislam A. Paşazadə
ABŞ prezidentinin, Azərbaycan prezidentinin və Ermənistan Baş
nazirinin iştirakı ilə Ağ Evdə Ermənistan-Azərbaycan sülh
protokolunun imzalanmasının tarixi əhəmiyyət kəsb etdiyini, ölkəmiz
və bölgə üçün xeyirlərə vəsilə olacağını qeyd edib.
Şeyxülislam A. Paşazadə ABŞ nümayəndə heyətinin Bakıda və
ölkəmizin bölgələrində olarkən müxtəlif dinlərin nümayəndələrinin
harmoniyalı həyat tərzini müşahidə etmək imkanına malik olduqlarını
vurğulayaraq, Azərbaycandakı müxtəlif etniklər və dinlərin örnək
birgəyaşayış həyat tərzindən nümunə götürməyin bütün dünya
ölkələri, o cümlədən, ABŞ üçün faydasını xüsusi qeyd etmişdir.
QMİ sədri yarım əsrə yaxın davam edən dostluq və əməkdaşlıq
münasibətlərinə malik olduğu Vicdana çağırış Fondunun prezidenti
Ravvin Artur Şnayerin adını və Azərbaycana xoş münasibətini xüsusi
dəyərləndirərək, onunla ötən aylarda Nyu-Yorkda şəxsən görüşündən
bəhs etdi. Şeyxülislam A. Paşazadə Ravvin A.Şnayerin Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük
rəğbətlə yada saldı. Şeyxülislam A. Paşazadə Ravvin A. Şnayerin
Azərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonra
hər zaman haqqı və ədaləti dəstəklədiyini vurğuladı. Bildirdi ki,
Azərbaycanın dostu olan Artur Şnayerin oğlu Mark Şnayerin də
ölkəmizin dostu olmasını yüksək qiymətləndirir.
A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında
hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını,
Böyük Qayıdışın həyata keçirildiyi haqda qonaqlara məlumat verib. “Azad olunmuş torpaqlarımızda mənşəyindən asılı olmadan bütün dini
məbədlər – məscidlər, kilsələr, o cümlədən, erməni mənşəli dini
obyektlər təmir olunur”. Şeyxülislam A. Paşazadə vurğulayıb ki,
Zati-aliləri Prezident İlham Əliyevin və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin
himayədarı olduğuna, xristian və yəhudi dini abidələrinə
Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün
dünya şahiddir.
Dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhə
xidmət olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə qeyd etdi ki,
iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində
sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdə
erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü
ilə dağıdıcı təbliğat aparır.
ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer Şeyxülislam A.
Paşazadəyə qəbul üçün minnətdarlığını bildirib, Azərbaycan
dövlətinin və dini liderinin dünya miqyasında mədəniyyətlərarası
dialoqun inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanın
evsahibliyi etdiyi və dünyanın nüfuzlu dini liderlərini mütəmadi
bir araya gətirdiyi beynəlxalq forumların əhəmiyyətini
vurğulayıb.
Görüşün sonunda Şeyxülislam A. Paşazadə ABŞ nümayəndə heyətinin
üzvlərini maraqlandıran sualları cavablandırıb.

