Dövlət Komitəsinin sədri ABŞ-nin Etnik Anlaşma Fondunun nümayəndə heyəti ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Ramin Məmmədov ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin
Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Komitə sədri bildirib ki, ölkəmizdə zəngin multikulturalizm
dəyərlərinin təbliği və təşviqi dövlətin din siyasətinin prioritet
istiqamətlərindən biridir. Bu, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dini
konfessiyalara və ibadət yerlərinə göstərilən hərtərəfli dövlət
dəstəyində öz əksini tapır. Müxtəlif dinlərin nümayəndələrinin
mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi
xüsusiyyətidir, bütün azərbaycanlılar üçün qürur mənbəyidir. Görüş
zamanı Bakı Prosesi çərçivəsində təşkil olunan beynəlxalq
tədbirlərin əhəmiyyətinə də toxunan Komitə sədri bu platformanın
müxtəlif mədəniyyət və dinlərarası sivilizasiya arasında dialoq,
əməkdaşlıq üçün geniş imkanlar yaratdığını, tolerantlığın qlobal
səviyyədə təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.




Etnik Anlaşma Fondunun prezidenti, Hampton sinaqoqunun təsisçi
direktoru Ravvin Mark Şnayer ölkəmizdə uzun illərdir mövcud olan
dini tolerantlıq və qarşılıqlı hörmət mühitini yüksək
dəyərləndirdiyini qeyd edib. O, Azərbaycanın müxtəlif dini və etnik
qrupların sülh, həmrəylik və anlayış şəraitində birgə yaşaması üçün
yaratdığı nümunəvi modelin xüsusi diqqət çəkdiyini bildirib.
Azərbaycan tolerantlığının parlaq nümunələrindən birinin də bu
ölkədə yəhudi icmasına göstərilən qayğı olduğunu deyib.

Görüşdə mövcud dinlərarası harmoniya mühitinin
möhkəmləndirilməsi ilə bağlı müxtəlif ideya və təşəbbüslər
ətrafında geniş fikir mübadiləsi aparılıb.