Üzv dövlətlərin borcları BMT-nin maliyyə vəziyyətini ciddi şəkildə çətinləşdirib

Baş səhifə

Bakı. Trend:

Üzv dövlətlərin BMT-yə üzvlük haqlarını gecikdirməsi nəticəsində
yaranan təxminən 1,6 milyard dollarlıq borc təşkilatın maliyyə
vəziyyətini ciddi şəkildə çətinləşdirir.

Trend xəbər
verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio
Quterreş Baş Assambleyanın büdcə məsələlərinə baxan Beşinci
Komitəsinin iclasında bildirib.




Onun sözlərinə görə, 2024-cü ilin sonunda 760 milyon dollarlıq
borc qalmaqda davam edir, 2025-ci ilin 877 milyon dollarlıq ödənişi
isə hələ daxil olmayıb. Hazırda 193 üzvdən yalnız 145-i 2025-ci il
üzrə ödənişini tam yerinə yetirib və ABŞ, Rusiya kimi əsas donorlar
hələ ödəniş etməyib.

2026-cı il üçün yenilənmiş büdcə 15 faiz azaldılaraq 3,238
milyard dollar müəyyən edilib və 2 681 vəzifənin ixtisarı nəzərdə
tutulur. Xüsusi siyasi missiyaların büdcəsi də 21 faizdən çox
azaldılır. Bəzi dövlətlər sənədlərin gec təqdim olunmasından və
ixtisarların əsasən aşağı səviyyəli heyəti əhatə etməsindən narahat
olduqlarını bildiriblər. Büdcə ilin sonunadək Baş Assambleya
tərəfindən təsdiqlənməlidir.