Azərbaycan ASAN Xidmət modeli ilə beynəlxalq səviyyədə tanınır və süni İntellektə prioritet verir – Ülvi Mehdiyev

Baş səhifə

Bakı.Trend:

“ASAN xidmət” 13 il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə
yaradılıb və bu, onun innovasiya platformasıdır. Qısa müddət
ərzində Azərbaycanda tətbiq olunan bu xidmət sahəsinin
innovasiyaları uğurla həyata keçirildi və artıq ölkə hüdudlarından
kənara da ixrac edilməyə başladı.

Trend xəbər
verir ki, bu fikirləri bu gün ASAN xidmət-in ASAN Süni İntellekt
Mərkəzinin (ASAN AI HUB) açılış mərasimindəki çıxışı zamanı AR
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, hazırda 30-a yaxın ölkə Azərbaycan ASAN
xidmət modelinin tətbiqi üçün araşdırmalar aparır. Bu, bir neçə
səbəbdən irəli gəlir:

“ASAN-ın innovasiyalara açıq olması, yeni ideyaların
dəstəklənməsi onun beynəlxalq səviyyədə tanınmasına və tətbiq
edilməsinə şərait yaradan əsas amillərdən biridir.”

Dövlət Agentliyinin sədri bildirib ki, bu gün süni intellekt
sahəsinin əhəmiyyəti haqqında danışmaq artıq zərurətə çevrilib:




“Ən son məlumatlara görə, süni intellekt bazarının dəyəri artıq
800 milyard ABŞ dollarına çatıb. Proqnozlara əsasən, 2030-cu ilə
qədər bu rəqəm bir neçə trilyon dollar olacaq. Artıq 400 milyona
yaxın insan süni intellekt həllərindən müxtəlif formalarda istifadə
edir.”

O əlavə edib ki, beynəlxalq şirkətlərin və ümumilikdə biznes
dünyasının təxminən 70%-i ən azı bir süni intellekt həllini öz
biznes proseslərində tətbiq edir.

“Bu isə onu göstərir ki, süni intellekt artıq həyatımızın
ayrılmaz bir hissəsinə çevrilib. İqtisadiyyatda, sənayedə,
səhiyyədə, təhsildə, sosial və şəxsi həyatda mühüm vasitədir.
Azərbaycan da bu qlobal trendlərə adekvat cavab verməkdə geri
qalmır. Bildiyiniz kimi, bu ilin mart ayında cənab Prezidentin
sərəncamı ilə 2025–2028-ci illəri əhatə edən Süni İntellekt
Strategiyası qəbul olundu. Bu sənəddə süni intellektin inkişafı ilə
bağlı ciddi tapşırıqlar və dövlət üzrə ümumi bir çərçivə müəyyən
edilib.”

Ü. Mehdiyev əlavə edib ki, Azərbaycan dövləti bu sahədə geridə
deyil, əksinə, qabaqcıl ölkələr sırasında olmaq iradəsini ortaya
qoyur və süni intellektin idarəetmədə, iqtisadiyyatda, sənayedə və
digər sahələrdə tətbiqini prioritet elan edir.