Bakı. Trend:
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının
tanınması Qaydaları”na (bundan sonra – Qaydalar) əsasən,
ərizəçilərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti
səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul
olmaq hüququ əldə edə bilmələri üçün müvafiq kvalifikasiyalarının
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınması
şərt olaraq qanunvericilikdə təsbit olunub.
Trend xəbər
verir ki, bu barədə TKTA məlumat yayıb.
Bildirilib ki, tənzimlənən ixtisaslar kateqoriyasına aid olan
müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə müraciətçilərin
xarici kvalifikasiyalarının peşə tanınmasının həyata keçirilməsi
üçün onların TKTA-nın təqdim etdiyi siyahı əsasında Dövlət İmtahan
Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda müvəffəqiyyət
qazanmaları (keçid balının toplanması) tələb olunur.
Qeyd edək ki, sözügedən Qaydaların qəbulundan sonra adıkeçən
ixtisaslar üzrə xarici kvalifikasiyaların tanınması məqsədilə
TKTA-ya müraciət etmiş ərizəçilərlə bağlı aparılmış təhlil
nəticəsində müəyyən edilib ki, həmin şəxslərin bir qismi DİM
tərəfindən təşkil olunan müvafiq peşə ixtisası üzrə imtahanlarda
uğurlu nəticə göstərmədiyi üçün yalnız akademik şəhadətnamə əldə
edib.
Xüsusilə qeyd edirik ki, akademik şəhadətnamə kvalifikasiya
sahiblərinə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin
növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir və bu şəhadətnaməni
almış şəxslərin hər hansı peşə fəaliyyəti ilə məşğul olmaları
mövcud qanunvericiliyin tələblərinə ziddir.
Əlavə olaraq qeyd edirik ki, qeyd edilən ixtisaslar üzrə
akademik şəhadətnamə əldə etmiş şəxslər peşə fəaliyyəti ilə qanuni
əsaslarla məşğul ola bilmək üçün yenidən TKTA-ya müraciət etməli və
DİM tərəfindən təşkil olunan müvafiq imtahandan müvəffəqiyyətlə
keçərək kvalifikasiyalarının tam tanınmasını təmin
etməlidirlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2025-ci il üzrə
keçiriləcək son peşə imtahanında iştirak etmək istəyən
müraciətçilər 10 dekabr 2025-ci il tarixinə qədər TKTA-ya müraciət
edə bilərlər.

