Səngəçal Terminalının Elektrikləşdirilməsi layihəsi üzrə tikinti işləri təhlükəsiz və qrafikə uyğun şəkildə irəliləyir – BP-Azerbaijan

Baş səhifə

Bakı.Trend:

Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə
tikinti işləri təhlükəsiz və qrafikə uyğun şəkildə irəliləyir.

Trend xəbər
verir ki, bu barədə “BP-Azerbaijan” şirkəti məlumat verilib.

Məlumata görə, 2028-ci ilin sonunadək terminalın tam
elektrikləşdirilməsini təmin etmək üçün indiyədək layihə üzrə üç
əsas müqavilə imzalanıb.

1. Mühəndis-layihələndirmə, təchizat və tikinti (EPC) müqaviləsi
– Təxminən 43 milyon ABŞ dolları dəyərində olan bu müqavilə “AzərEnerji” ASC-yə verilib. İş həcminə üç əsas fəaliyyət
istiqaməti daxildir: yeni yarımstansiyanın tikintisi, yeraltı
kabellərin quraşdırılması və hava elektrik ötürücü xətlərinin
çəkilməsi və quraşdırılması. Bu müqavilə çərçivəsində bütün sahələr
üzrə inşaat-hazırlıq işləri yekunlaşmaq üzrədir və növbəti
mərhələdə avadanlıqların quraşdırılması və kabellərin çəkilməsi
işlərinə başlanılması nəzərdə tutulur.

2. Tikinti və quraşdırma müqaviləsi – Dəyəri 19 milyon ABŞ
dolları olan bu müqavilə “Azfen” MMC-yə verilib. Müqavilə üzrə iş
həcmi transformatorların, sinxron kompensatorların, cərəyan
məhdudlaşdırıcı reaktorların və yeni 110 kV-luq açıq paylayıcı
qurğunun quraşdırılması da daxil olmaqla Səngəçal terminalında əsas
elektrik infrastruktur işlərini əhatə edir. Müqavilə çərçivəsində
terminalda tikinti işləri 2025-ci ilin avqust ayında başlanıb və
əsas avadanlıqların quraşdırılması üçün bünövrə işləri daxil
olmaqla bir neçə istiqamət üzrə irəliləməkdədir.




3. Mühəndis-layihələndirmə və təchizat müqaviləsi – Bundan öncə
elan olunduğu kimi, 7 milyon funt sterlinq dəyərində olan bu
müqavilə Səngəçal terminalında mühəndis-layihələndirmə və təchizat
işlərinin icrası üçün “SOCAR KBR”a verilib. Müqavilə üzrə SOCAR KBR
müfəssəl layihələndirmə, avadanlıqların tədarükü və təchizat
prosesinin idarə edilməsi xidmətlərini göstərəcək. İş həcminə
həmçinin tikinti, istismar sınaqları və əməliyyatlara hazırlıq
fəaliyyətlərinin planlaşdırılması üzrə dəstək də daxildir. Müqavilə
çərçivəsində layihə fəaliyyətləri davam edir və hazırda əsas diqqət
müfəssəl mühəndis-layihələndirmə və avadanlıqların tədarükünün
sürətləndirilməsi işlərinə yönəlib.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali
Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham: “STEL
layihəsi çərçivəsində bütün istiqamətlərdə işlərin gedişatından
məmnunuq. Layihənin plana uyğun irəliləməsi komandaların yüksək
nəticələr əldə etmək və layihəni təhlükəsiz və səmərəli şəkildə
icra etmək əzminin göstəricisidir. Bu, çoxsaylı podratçı şirkətlər
və müxtəlif komandalar arasında sıx koordinasiya və əməkdaşlıq
tələb edən mürəkkəb və bir neçə illik bir layihədir və mən burada
iştirak edən hər bir kəsin peşəkarlığı və əzmi ilə fəxr edirəm.
Növbəti mərhələlərdə əsas diqqətimiz yenə də təhlükəsizlik, yüksək
keyfiyyət və güclü icraya yönələcək ki, bu da terminalın
uzunmüddətli əməliyyat mükəmməlliyini dəstəkləyən dayanıqlı enerji
infrastrukturunun yaradılmasına imkan verəcək.”

Qeyd edək ki, STEL layihəsi Səngəçal terminalının operatoru olan
bp tərəfindən həyata keçirilir və idarə olunur. Layihə üzrə tikinti
işlərinin iki mərhələdə başa çatacağı nəzərdə tutulur – 1-ci
mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin
sonunadək.

STEL layihəsi Şəfəq (Cəbrayıl) günəş layihəsi ilə “virtual
enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə
sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə
qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də
ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq
elektrik yarımstansiyası inşa ediləcək. Hazırkı proqnozlara və
planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal
terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından
yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan
yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz
turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər
mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan
yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.