
Bakı. Trend:
UNEC rektoru, professor
Ədalət Muradov Malayziyada işgüzar səfərdə olub. Səfər çərçivəsində
o, ölkənin aparıcı universitetlərində görüşlər keçirib, Ali Təhsil
Forumunda iştirak edib və təhsil ekspertləri ilə müzakirələr
aparıb. Rektor ali təhsilin gələcəyi ilə bağlı Malayziyada müşahidə
etdiyi baxışları rəsmi sosial hesabında bölüşüb:
“ALİ TƏHSİLƏ MALAYZİYA BAXIŞI
Təhsilin və o cümlədən, ali təhsilin gələcəyi bütün dünyada
təhsil mütəxəssisləri və təhsil menecerlərini çox düşündürür. Ciddi
müzakirələr, yeni-yeni tədqiqatlar aparılır, konfranslar və
forumlar təşkil edilir. Bu baxımdam Malayziya da istisna deyil. Ali
təhsilin gələcəyi ilə bağlı bu ölkə universitetlərində və tanınmış
mütəxəssislərlə apardığımız müzakirələrdə müşahidə etdiyimiz
baxışlar və yanaşma maraqlı göründü və onların ali təhsilə baxışını
ümumiləşdirməyə çalışdıq:
1. Universitetlərin rəqəmsal transformasiya sonrasındakı
gələcəyi onları çox maraqlandırır. Onların fikrinə görə, müzakirə
predmeti universitetlərdə təkcə necə dərs demək deyil, həm də süni
intellekt, qlobal mobillik dövründə universitetlərin niyə mövcud
olmasıdır.
2. Son 20 ildə universitetlər modernləşir: sinif otaqlarından
LMS-lərə, taxta lövhələrdən ağıllı lövhələrə, dərsliklərdən
çatbotlara keçir. Lakin bu dəyişikliklər səthi xarakter daşıyır.
Öyrənmənin məqsədini və təcrübəsini dəyişmədən sadəcə köhnə təhsil
modelinin rəqəmsallaşdırıldığını və bunun təhlükəli olduğunu
vurğulayırlar.
3. İndi Süni İntellekt mühazirə oxuya, məzmun yarada,
tapşırıqları qiymətləndirə və fərdiləşdirilmiş tədris təqdim edə
bilirsə, universitetlərin hələ də bilik ötürən qurumlar kimi
qalması və yaxud daha fərqli bir təsisat olması məsələsinə aydınlıq
gətirilməsi geniş müzakirə olunur.
4. Süni intellekt və rəqəmsal alətlərin yalnız formatı deyil,
təhsilin kimliyini və məqsədini necə dəyişdirdiyini yenidən dərk
etmək lazımdır.
5. Süni intellekt ağıllıdır, amma insan deyil. O empatiyanı,
dürüstlüyü, təvazökarlığı, mədəniyyəti və mənəviyyatı öyrədə
bilmir. Amma məsuliyyətli liderlik və qlobal vətəndaşlıq üçün məhz
bu keyfiyyətlər vacibdir.
6. Süni İntellekt təhsili həm demokratikləşdirə və həm də yeni
bərabərsizlik yarada bilər — xüsusilə də imkansız, kənd yerlərində
yaşayan və ya dil dəstəyi olmayanlar üçün.
7. Süni intellekt dövründə təhsilin insani, inklüziv, mədəni
cəhətdən mənalı və ədalətli qalması yolları geniş müzakirə
edilir.
8. Fikir səsləndirilir ki, Süni İntellekt bilik ötürülməsini
səmərəli təmin edirsə, universitetin dəyəri artıq nə öyrətdiyində
yox, tələbə və tədqiqatçıların hansı problemləri həll edə
bilməsində ola bilər.
9. Gələcəyin universiteti binaları, reytinqləri və diplomları
ilə deyil, cəmiyyətə göstərdiyi real təsirlə müəyyən oluna
bilər.
10. 5-ci nəsil universitet modeli geniş müzakirə predmetidir.
Çoxluğun fikri ondan ibarətdir ki, rəqəmsal transformasiyadan və
Süni İntellektin tətbiqindən sonrakı universitetlər missiya yönümlü
olmalıdır və bu 5-ci nəsil universitet modelinin əsasıdır”.


