“Rosneft”in xalis mənfəəti ilin ilk doqquz ayında 70% aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) əsasən, “Rosneft” ASC-nin səhmdarlara aid xalis mənfəəti 2025-ci ilin
yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 70,1%
azalaraq 277 milyard rubl (təxminən 3,6 milyard ABŞ dolları)
olub.

Trend xəbər verir ki, bu
barədə şirkətin maliyyə göstəricilərinə istinadən “Kommersant”
qəzeti xəbər yayıb.

Bildirilib ki, “Rosneft”in ümumi gəlirləri 17,8% azalaraq 6,28
trilyon rubla enib.

Şirkətin əməliyyat mənfəəti də 29% azalaraq 1,64 trilyon rubla
düşüb. Düzəldilmiş sərbəst pul axını 45% geriləyərək 591 milyard
rubla çatıb. Doqquz ay ərzində kapital xərcləri isə 6% artaraq 1,11
trilyon rubla yüksəlib.




Hesabat dövründə şirkətin maye karbohidrogen hasilatı 134,7
milyon ton (gündə 3,6 milyon barel) təşkil edib ki, bu da ötən ilin
göstəricisindən 2,6% azdır. Neft emalı həcmi 57,7 milyon tona düşüb
ki, bu da 7,8% azalma deməkdir. Azalma neft emalı zavodlarında
aparılan təmir-bərpa işləri və onların yüklənməsinin
optimallaşdırılması ilə izah olunur.

Qaz hasilatı isə 13,1% azalaraq 58,2 milyard kubmetr olub.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Rosneft”, “Lukoyl” və onların törəmə şirkətlərini yeni anti-Rusiya
sanksiyaları siyahısına daxil edib. Bu sanksiyalar 21 noyabrda tam
şəkildə qüvvəyə minib.