
Bakı.Trend:
Nəqliyyat axınlarının nizamlanması və yol hərəkəti
təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsində hərəkətin təşkilində
dəyişikliklər edilir.
Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif
Məhərrəmov küçəsi arasındakı hissəsində iki yol sahəsi mövcud
olduğuna baxmayaraq biri istifadə olunmadığından kəsişmənin tutumu
və buraxıcılıq qabiliyyəti aşağı düşür. İstifadəsiz qalan yol
sahəsində isə mövcud qanunsuz parklanma halları hərəkət
iştirakçılarının nizamlı və fasiləsiz hərəkətinə ciddi maneə
yaradır.
Eyni zamanda, Moskva prospektinin “Şamaxinka” adlanan ərazisində
hər iki istiqamət üzrə mövcud olan geriyədönmə yerlərindən istifadə
edən nəqliyyat vasitələrinin və prospekt üzrə əsas axında hərəkət
edən avtomobillərin trayektoriyası toqquşur. Bu nöqtələrdə hərəkət
yalnız yol nişanları ilə tənzimlənir.
Nəticədə geriyədönmə edən avtomobillər əsas axına daxil olarkən
yolda ciddi maneə və sıxlıq yaranır, zolaq dəyişən sürücülər və
əsas istiqamətdə hərəkət edən nəqliyyat vasitələri arasında
toqquşma riski artır. Pik saatlarda isə prospektin bu hissəsində
axın sürəti əhəmiyyətli dərəcədə azalır.
Layihə hazırlanarkən “Rəqəmsal əkiz” üzərindən simulyasiyalar
aparılıb.
Reallaşdırılan layihəyə əsasən, 20 Yanvar və Asif Məhərrəmov
küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək.
Beləliklə, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov
küçəsi arasındakı və ona paralel hissədə birtərəfli hərəkət təmin
olunacaq. Bununla da həmin yol sahəsinin səmərəliliyi dəfələrlə
artacaq, kəsişmənin buraxıcılıq qabiliyyəti yüksələcək.
Dəyişikliklər nəticəsində 20 Yanvar küçəsinə paralel yerləşən
küçədə mövcud qanunsuz parklanma halları aradan qaldırılacaq və
4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək
istəyən nəqliyyat vasitələri bu yola yönləndiriləcək.
Layihənin icrası ilə Moskva prospektinin 20 Yanvar küçəsi ilə
kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən
geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla
tənzimlənəcək.
Sözügedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin
optimallaşdırılması da həyata keçiriləcək.


