ABŞ-nin tam bərpası üçün “Üçüncü Dünya ölkələrindən” miqrasiya dayandırılacaq-Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ sisteminin tam şəkildə bərpa
olunması üçün administrasiyasının bütün “Üçüncü Dünya ölkələri”ndən
miqrasiyanı daimi olaraq dayandırmaq üzərində çalışdığını
bildirib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə sosial media
platforması “Truth Social” vasitəsilə açıqlama verib.




O bildirib ki, vətəndaşlığı olmayanlara verilən bütün federal
yardımlar və subsidiyalar ləğv ediləcək, ölkə daxilində asayişi
pozan miqrantlar vətəndaşlıqdan çıxarılacaq, ictimaiyyət üçün yük
hesab edilən, təhlükə yaradan və ya “Qərb sivilizasiyası ilə
uyğunlaşmayan” bütün xarici vətəndaşlar ölkədən deportasiya
olunacaq.

Prezidentin bu açıqlamaları, Ağ Ev yaxınlığında Əfqanıstan
vətəndaşı olduğu deyilən şəxs tərəfindən törədilən silahlı insident
nəticəsində bir Milli Qvardiya üzvünün güllələnərək öldürülməsindən
sonra səsləndirilib.