Avropa İttifaqı Mərkəzi Asiyanın xammalına hədəflənib – Azərbaycan tədarüklərin açarıdır

Baş səhifə

Bakı. Trend:

Daşkənddə “Aİ-Mərkəzi Asiya” İqtisadi Forumu Brüsselin regionla
əməkdaşlığı nə dərəcədə fəal şəkildə inkişaf etdirdiyini bir daha
nümayiş etdirdi. İmzalanan sazişlər, investisiya proqramlarının
genişləndirilməsi, zəruri xammal, rəqəmsallaşma və energetikaya
vurulan xüsusi diqqət – bütün bunlar münasibətlərin formatını
həqiqətən də daha yüksək səviyyəyə qaldırır. Lakin bəyanatların
təsirli miqyasının arxasında bir sadə, amma prinsipial şəkildə
vacib həqiqət dayanır ki, bunu görməməzlikdən gəlmək çətindir: Aİ
və Mərkəzi Asiyanın hansı sənədləri imzalamasından asılı olmayaraq
,həmin razılaşmaların böyük hissəsi, ələlxüsus da tədarük,
logistika və tranzitə aid razılaşmalar Azərbaycanın iştirakı
olmadan sadəcə işləyə bilməz.

Nəqliyyat marşrutlarının, zəruri xammal ixracının, enerji
sistemlərinin inteqrasiyasının və ya regiondaxili əlaqəliliyin
gücləndirilməsinin istənilən müzakirəsi bir coğrafi və
infrastruktur reallığı ilə üz-üzə gəlir: Azərbaycan bu məkanın
“əlaqələndirici körpüsü”dür. Üstəlik, Mərkəzi Asiyanı Avropa ilə
birləşdirən yeganə dayanıqlı və artıq fəaliyyət göstərən
körpüdür.

Keçən forum Aİ ilə Mərkəzi Asiya arasında fəal keçmiş ilin
yekunlarını müəyyənləşdirdi. Bunlara Səmərqənddə keçirilmiş sammit,
Aşqabadda baş tutan nazirlər səviyyəsində görüş və Özbəkistan
Prezidentinin Brüsselə səfəri daxildir. Bu mərhələdən sonra
Daşkənddə genişmiqyaslı müzakirələr başlandı və yeni təşəbbüslər
elan olundu.

Aİ öz diqqətini “Global Gateway” strategiyasının praktiki həyata
keçirilməsinə yönəldərək müzakirələrdən konkret layihələrə keçdi.
Ən böyük diqqət energetika, rəqəmsal transformasiya, tədarük
zəncirlərinin dayanıqlığı və xüsusilə də kritik xammal sahəsinə
yönəldi.

Avropa Komissiyasının beynəlxalq tərəfdaşlıq üzrə komissarı
Yozef Sikela açıq şəkildə bildirdi:

“2025-ci il Mərkəzi Asiya və Aİ-nin birlikdə nə qədər çox şey
əldə edə biləcəyini göstərdi. Biz potensialdan reallığa keçirik –
rəqəmsal kommunikasiyalar, təmiz enerji və müasir nəqliyyat
sahəsində. Bu təşəbbüslər sayəsində biz davamlı artıma töhfə
veririk, dayanıqlığımızı artırırıq və hər iki regionumuz üçün yeni
imkanlar açırıq.”

O həmçinin “Global Gateway” çərçivəsində altı yeni sazişin
imzalandığını bildirib və vurğulayıb ki, bu addımlar Transxəzər
dəhlizinin funksional və rəqabətqabiliyyətli marşruta çevrilməsinə
kömək edəcək.

Təqdim olunan təşəbbüslər arasında əsas yeri “GROW CRM” proqramı
tutur – bu proqram kritik xammal sahəsində layihələrin
hazırlanması, texniki-iqtisadi əsaslandırmaların hazırlanması,
normativ-hüquqi bazanın modernləşdirilməsi və yeni dəyər
zəncirlərinin yaradılması üçün Aİ-nin və Avropa Yenidənqurma və
İnkişaf Bankının tərəfdaşlığını nəzərdə tutur. Hələ 2024-cü ildə
Özbəkistan və Aİ kritik xammal üzrə strateji tərəfdaşlıq haqqında
razılaşma əldə edib və yol xəritəsi imzalayıblar. İndi isə bu
əməkdaşlıq praktiki reallaşma mərhələsinə keçməkdədir.




Aİ Mərkəzi Asiyanın xammalı barədə söz açırsa, bu, Azərbaycana
da aiddir. Aİ nəqliyyat dəhlizlərini müzakirə edirsə, bu da
Azərbaycana aiddir. Aİ regiondan idxalı artırmağı planlaşdırırsa,
istənilən halda Azərbaycan infrastrukturuna əsaslanır. Azərbaycan
artıq tamdəyərli regional logistika və nəqliyyat mərkəzi statusunu
möhkəmləndirib. 2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımaların
həcmi təxminən 90% artıb, ölkə isə Qazaxıstan nefti və uranının,
Çindən gələn konteyner qatarlarının, həmçinin Özbəkistan və digər
Mərkəzi Asiya ölkələrinin yüklərinin tranzit marşrutu kimi çıxış
edir. Təkcə 2024-cü ildə Azərbaycan üzərindən 11 milyon tondan çox
yük daşınıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzərin ən böyük
ticarət donanması, Bakı–Tbilisi–Qars dəmir yolu və doqquz
beynəlxalq hava limanı ölkəni Avrasiyanın əsas nəqliyyat
arteriyasına çevirir.

Orta Dəhliz artıq geosiyasi təlatümlərə davamlı olan əsas
Avrasiya magistralına çevrilib. Xüsusi önəm daşıyan Zəngəzur
dəhlizi – başqa adı ilə TRIPP (The Trump Route for International
Peace and Prosperity) – Orta Dəhlizin tərkib hissəsi olacaq. Aİ-nin
Orta Dəhlizi strateji əhəmiyyətli hesab etdiyini və onun inkişafına
10 milyard avro investisiya yatırdığını nəzərə alsaq, TRIPP-in də
əhəmiyyəti danılmazdır – həmin dəhliz Mərkəzi Asiyanı Avropa ilə
birləşdirən nəqliyyat qovşağının ötürücülük qabiliyyətini
əhəmiyyətli dərəcədə artıracaq.

Bundan əlavə, 2024-cü ilin noyabrında COP29 çərçivəsində Bakıda
üç ölkə “yaşıl” enerjinin istehsalı və ötürülməsi barədə saziş
imzaladı. Bu layihə böyük bir region – Qazaxıstandan başlayaraq
Xəzər və Qafqaza qədər – üçün yeni enerji sisteminin yaradılmasını
təmin edir və onu birbaşa Avropa ilə birləşdirir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev əvvəllər çox açıq
şəkildə bildirmişdi ki, “Azərbaycan Mərkəzi Asiya ilə Avropanı
birləşdirən strateji körpü rolunu oynayır.” Bu ifadə əslində hər
şeyi açıq-aydın ifadə edir.

Daşkənddə imzalanan sazişlər idarəetmənin modernləşdirilməsi,
xammal sənayesinin inkişafı, təhlükəsizliyin gücləndirilməsi,
ekosistemlərin bərpası və rəqəmsal transformasiya baxımından
doğrudan da böyük əhəmiyyət daşıyır. Lakin bu sənədlərə praktik
prizmadan – xammal, enerji, məhsul və avadanlıqların tədarükü
baxımından – yanaşdıqda bütün yollar tək bir logistika mərkəzinə
aparır.

Azərbaycan olmadan Mərkəzi Asiyadan Avropaya heç bir dayanıqlı
tədarük modeli nə sabit, nə də iqtisadi cəhətdən məntiqli ola
bilər. Aİ Özbəkistanla yol xəritələri imzalaya, Qazaxıstan
xammalının ixracını genişləndirməyi planlaşdıra, emal layihələrinə
sərmayə qoya bilər, lakin fiziki marşrut hər zaman eynidir: Xəzər
üzərindən, Azərbaycan vasitəsilə.

Bu isə artıq real təcrübədir – rəqəmlərlə, layihələrlə və siyasi
qərarlarla təsdiqlənmiş reallıq. Aİ-nin regionla gələcək
əməkdaşlığının məntiqi də məhz bunun üzərində qurulur: Avropa üçün
Mərkəzi Asiya sadəcə beş ölkədən ibarət deyil, Azərbaycan da daxil
olmaqla geniş və bir-biri ilə inteqrasiya olunmuş bir regiondur. Bu
yanaşma Çin və ABŞ-da da qəbul olunur – hər iki ölkə regionu onun
əsas nəqliyyat və enerji qovşaqları ilə birlikdə bütöv şəkildə
nəzərdən keçirir. Brüssel Transxəzər marşrutuna investisiya
yatırmaqla və” Global Gateway” təşəbbüsünü təşviq etməklə artıq
bunu faktiki olaraq təsdiq edir: Azərbaycan Avrasiyanın strateji
“körpüsünə” çevrilir və regionda heç bir Avropa təşəbbüsü onsuz
işləyə bilməz.