
Bakı. Trend:
Əsas istiqamətlərdən biri də tranzit potensialımızın
istifadəsidir. Zəngəzur dəhlizi də həm Orta Dəhlizin ana halqası,
eyni zamanda Şərq-Qərb, Şimal-Cənub Dəhlizlərinin kəsişməsində
yerləşir. Buna görə də İordaniya üçün Azərbaycan bir tranzit
qapısıdır və bu istiqamətdə gələn malların digər istiqamətlərə
yönləndirilməsi baxımından və əksinə bu Dəhliz onlar üçün çox
önəmlidir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayev Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya
Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa
çatdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan da İordaniyanın tranzit
potensialından geniş istifadə etməyi planlaşdırır. Xüsusilə Orta
Şərq regionunda İordaniyanın təqdim etdiyi tranzit imkanlarından da
yararlanmaq düşünülür.
“Kənd təsərrüfatı sahəsində kifayət qədər potensialımız var.
İordaniya bazarında bu imkanları da müzakirə etdik. Azərbaycanda 37
İordaniya vətəndaşı təhsil alır. Bütün bunlar potensiallar
nöqteyi-nəzərindən çox önəmlidir. İnvestisiyadan tutmuş ticarətə
qədər hər istiqamətdə imkanlarımız var. Qarşılıqlı razılıq ondan
ibarət oldu ki, iki ölkənin hökümət qurumlarının, özəl sektorun,
insanların bir-biriylə təması üçün platformalar yaradaq. Bu
platformalar çərçivəsində investisiya, ticarət, insanlar arasında
əlaqələrin genişləndirilməsi üçün müxtəlif mexanizmlərdən
yararlansınlar”.


